ABŞ generalı: ‘Krım azad ediləndən sonra da hər şey bitməyəcək’

İstefada olan ABŞ generalı Ben Hodcis (Ben Hodges) 2014-2017-ci illərdə ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı olub. O hazırda Avropa Siyasi Təhlil Mərkəzinin Perşinq adına Strateji Tədqiqat kafedrasının rəhbəridir.

Hodcis AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Rusiyanın hərbi əməliyyatlarında koordinasiya problemlərindən, xaricdən göndərilən yeni döyüş maşınları və tankların müharibənin gedişatını dəyişə biləcəyindən danışıb.

Priqojinin təkəbbür layihəsi

Hazırda Ukraynanın Baxmut və Soledar şəhərləri Rusiya ordusu, daha doğrusu Vaqner muzdlu qoşunlarının amansız zərbələri altındadır. Hodcis AzadlıqRadiosunun “Baxmut nə üçün bu qədər əhəmiyyətlidir və Vaqner-in qurucusu Yevgeni Priqojin burada nə əldə etməyə çalışır?” sualına belə cavab verib:

“Bu onun üçün, az qala, bir təkəbbür layihəsidir. Nə qədər adamın ölməsi onu narahat etmir. Onlar beş aydır əlləşirlər, ancaq hələ də Baxmutu götürə bilməyiblər. Amma hələ də təlim görməmiş, yeni səfərbər olunmuş əsgərləri bu döyüşə atmağa davam edirlər.

…Təzəlikcə bu bölgədə iri duz və gips yataqlarının olması üzə çıxdı. …Priqojin hətta orada resursları ələ keçirmək haqda da danışıb. …Priqojinin əsl məqsədinin strateji yol ayrıcları deyil, gips mədənləri olduğunu anlamağın burada öldürülən minlərlə insanın ailələrini nə qədər ovunduracağını bilmirəm.

Mənə elə gəlir ki, Baxmut ətrafındakı bütün bu döyüşlər rusların hərbi əməliyyatında koordinasiyanın çatışmamasını göstərir. Mən Priqojinin [general Sergey] Surovikindən əmr aldığını düşünmürəm. Onun general [Valeri] Gerasimovdan əmr almadığı isə dəqiqdir. (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Gerasimov yanvarın 11-də Ukraynada müharibə aparan Rusiya ordusunun baş komandanı təyin edilib). Bəs onda bu işlərə kim rəhbərlik edir?… Onların koordinasiyalı planı yoxdur. Onlar həqiqətən də xoşbəxtlikdən hələ fevralda, martda göstərdikləri institusional səhvlərdən öyrənib onları düzəltməyiblər”.

“Rusiya hər zaman düşünüb ki, kütlə (say) qələbə qazandırır. Yəni bu, əsrlərlə onların üsulu olub. İndi də son nəticədə Ukrayna ordusunu yorub əldən salacaqlarını düşünürdülər. Ancaq onların bunu edə bilmədikləri aydın görünür. …Ukraynalılar o qədər peşəkar, bacarıqlı oldular ki, indi əslində, dəqiqliyin saya üstün gəldiyini görürük. Yetərincə dəqiqliyin varsa və onu düzgün yerlərdə işlədə bilirsənsə. Ukrayna davamlı olaraq müxtəlif vasitələrlə logistikanı – nəqliyyat şəbəkələri, sursat anbarlarını hədəfə aldı”, – Hodcis deyir.

Azadlıq radiosu