Bəxtiyar Hacıyevə ittiham ağırlaşdırıldı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, əvvəl B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Onun deməsinə görə, yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Vəkil bildirib ki, müdafiə tərəfi əvvəlki və yeni ittihamlarla razı deyil.

Hazırda irəli sürülən ittihamlarla B.Hacıyevə 3 ilə qədər həbs cəzası verilə bilər. Əvvəl isə bu yalnız 1 il ola bilərdi.

B.Hacıyev özü də ittihamları qəbul etmədiyini bildirib. O, yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat verib. Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Azadlıq radiosu