Artımlar inflyasiyanı kompensasiya etməyəcək

İqtisadçı Qaşqay İsmayıl

Minimum əmək haqqının və pensiyaların artırılmasından sonra sosial müavinətlərin də artacağı gözlənilən idi

Əslində məsələnin mahiyyəti bu artımların məbləğində, təyinatında, və nə qədər effektiv olmasında deyil. Məsələnin əsas mahiyyəti hökumətin əvvəlki qaydada öz siyasətini davam etdirməsindədir

Əlbəttə, qlobal inflyasiya dalğası müəyyən qədər səngisə də, 2023-cü ildə Azərbaycanda ətalət üzrə qiymət artımlarının davam edəcəyi şübhəsizdir. Hökumətin əmək haqqı, müavinət və pensiya artımları barədə verdiyi qərarları bu inflyasiyanı kompensasiya etmir və edə də bilməz

Dəfələrlə qeyd etdiyimiz kimi inzibati üsullarla azad bazarın qanunauyğunluqlarını dəf etmək mümkün deyil. Lakin hökumət bu artım qərarları ilə büdcədən qidalanan milyonlarla insanı nəfəslikdən məhrum etməməyi və inflyasiyanın təsirini az da olsa kompensasiya etməyi planlaşdırır

Əhalinin böyük əksəriyyəti yaxşı bilir ki, siyasi hakimiyyət bu “hədiyyəsi”nin əvəzində onlardan növbəti dəfə loyallıq və “sıx birləşmək” tələb edir. İnsanların əhval-ruhiyyəsini nəzərə alsaq, kütlənin cüzi sosial təminat qarşılığında hakimiyyətə loyallıq göstərmək və “sıx birləşmək” üçün həvəsli olduqlarını görə bilərik

Siyasi hakimiyyətin məqsədi ömrünü mümkün qədər uzatmaq, əhalinin məqsədi isə stabillik və cüzi sosial təminatdır. Hələlik neft gəlirləri bu balansı qoruyub saxlamağa imkan verir deyə bilərik

Texnologiyalar, investisiyalar, rəqabətli azad iqtisadi mühit, azad iqtisadi təşəbbüskarlıq əvəzinə ölkə əhalisinin sosial təminatı, stabilliyi seçməsi iqtisadi kollapsın labüd olacağını şərtləndirir. Eyni zamanda sosial təminat modeli təbii olaraq hər hansı siyasi və iqtisadi azadlıqların veriləcəyini, iqtisadi inkişaf variantlarını da istisna edir