Tofiq Yaqublu İlham Əliyevin məhbusudur

Milli Şuranın sədri, professor Cəmil Həsənli

7 gündür Tofiq Yaqublu aclıq keçirir. Həyat yoldaşı Maya xanım, çoxlu ictimai fəalda bu aclığa qoşulub. Saxta ittihamla saxlanılan ictimai fəal Bəxtiyar Hacıyev də yenidən aclığa başlayıb. Aclıq əlbəttə ki, ağır bir etiraz aksiyasıdır. Onu elementar sosial şəraiti, etibarlı tibbi təminatı olmayan cəzaçəkmə yerində, müvəqqəti saxlama məntəqəsində keçirmək iki qat, üç qat daha ağır bir işdir.

Biz heç kəsin aclıq etməsinə tərəfdar deyilik və həmişə kimliyindən asılı olmayaraq onun dayandırılması xahişi ilə müraciət etmişik. Amma indiki şəraitdə şərlənərək saxlanılan, saxta, qurama ittihamlarla üzləşən, təcridxana da belə ayrıseçkiliyə, təhdidə və təhqirə məruz qalan adamların etiraz edəcək ayrı bir vasitəsi yoxdur. Ölkənin hüquq sistemi dağıdılıb, qanunu qorumalı olan qurumlar vətəndaşa tor toxuyur, məhkəmələr ədalət orqanından daha çox cəza aparatına çevrilib.

Tofiq Yaqublu haqqa tapınan doğru-dürüst bir vətəndaşdır. Hakimiyyət onu etmədiyi əmələ görə saxlayıb, xəta törətməyən suçsuz bir insan xatakarların hədəfinə gəlib. Tofiq Yaqublunun “cəzası” məhkəmənin qərarından öncə elan edilib. Polisə müqavimət müqavimət əməli olmadan sənədləşdirilib. Onun saxlanması hamının, o cümlədən kameranın gözü qarşısında baş verib. Orada polisə müqavimət halı yoxdur, əksinə polis kobudluq və zorakılıq əməli var. Əvəzində Tofiq Yaqublu cəzalandırılıb. Haqsızlıq bəs necə olur? Yeni il axşamı hamıya ailəsi ilə telefon danışığına icazə verilir, Tofiq bəyə verilmir. Bunun adı nədir?

Tofiq Yaqublunun təqibi də, həbsi də, saxlanması da, döyülməsi də qanunsuzluqdur, özbaşnalıqdır. Bu qanunsuzluğun başında da ölkənin hüquq sistemin bu günə salan İlham Əliyev dayanır. Tofiq Yaqublu İlham Əliyevin məhbusudur, onun polisi də, müstəntiqi də, prokuroru da, hakimi də, penitensiarı da İlham Əliyevder. Bizim klassik ədəbiyyatda deyildiyi kimi: “Hökm onun hökmü, fərman onun fərmanıdır”.

7 günün aclığı Tofiq bəyin səhhətində ciddi fəsadlar yaradıb. Adam son illərin dəhşətli işgəncələrindən sonra iki ağır əməliyyat keçirib. Əməliyyat sonrası bərpa dövrü əvəzinə yeni haqsızlıqla üzləşib, yeni işgəncəyə məruz qalıb. Hələ bilmirik sonrası necə olacaq, amma 7 günün aclığı onun səhhətində ciddi, hətta qorxulu fəsadlara gətirib çıxarıb. Tofiq Yaqublu azad edilməlidir. Çünki o, nahaqdan tutulub, şərlənib tutulub, qabaqcadan hazırlanmış bir ssenari hətta səhnəyə qoyulmazdan əvvəl tutulub. Tofiq Yaqublu haqq yolçusudur, ağır döyüş yolu keçmiş millət fədaisidir, bu millətin dirilik simvollarından biridir. Min ilin ölüləri onu aclığın əli ilə boğmaq istəyirlər.