“Sədərək”dəki yanğına görə tutulan var

Yanvarın 8-də Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı bir nəfər saxlanıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilir.

Rəsmi açıqlamaya görə, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahədə yerləşən 27 mağazanı Bakı şəhər sakini Əfqan Abdullayevin qəsdən yandırmasına əsaslı şübhələr yaranıb: “Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub”.

Atası təkzib edir

İttihama Ə.Abdullayevin özündən, hələlik, münasibət almaq mümkün olmayıb. Amma onun atası Səməd Abdullayev AzadlıqRadiosuna bildirib ki, oğluna qarşı irəli sürülən ittihamla razılaşmırlar.

Atası vurğulayıb ki, həmin ticarət mərkəzində oğlunun da mağazası var və onun öz mağazasını yandırması haqqında iddianı absurd sayırlar.

‘Sədərək’də 20 mağaza yanıb

Yanvarın 8-də “Sədərək” ticarət mərkəzində baş verən yanğında 20 mağaza ziyan çəkib.

Bu barədə yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir: “Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan “Sədərək” ticarət mərkəzinin ərazisində “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb”.

Açıqlamaya görə, ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub:

“Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb. Hadisə ilə əlaqədar araşdırma aparılır”.

‘Sədərək’də yenə yanğın olub

Yanvarın 8-i saat 18:20 radələrində Bakının ən böyük ticarət mərkəzində – “Sədərək”də yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə 30 texnika və 130 yanğınsöndürən cəlb olunub.

Geniş ərazini əhatə edən yanğınla mübarizə bir neçə saat davam edib.

Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

Son illər “Sədərək” ticarət mərkəzində bir neçə dəfə yanğın baş verib. Sonuncu yanğın ötən il iyulun 16-da olub. Onda yanğının qısa qapanmadan baş verdiyi açıqlanmış və bir sıra mağazalara ziyan dəydiyi vurğulanmışdı.

Azadlıq radiosu