AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Günlərdən yenə Tofiq Yaqublu günüdür. Bu ad, sanki, çəkdiyimiz məşəqqətin, yaşadığımız zülmün simvoluna çevrilib.
Tofiq Yaqublu həbs olunubsa, döyülübsə, aclıq edirsə məmləkətin halını sormağa heç gərək yox, elə bundan bəllidir ki, işlər fənadır, ölkədə nə ədalət , nə azadlıq, nə də ki, firavanlıq var. Dənizin dadını bilmək üçün bütün suyunu içməyə gərək yox ki, bir damcı bəs edər, eləcə də bu ölkənin durumunu bilmək üçün Tofiq Yaqublunun halını sormaq lazım kifayət edər.
Tofiq bəy 5 gündür ki, aclıq edir. Ona “sənə sovqat da buraxırıq, tələbini də qəbul edirik aclığı dayandır” deyilib, ancaq, o imtina edib. “Hamı ilə bağlı qanunsuz qadağalar götürülsün, təkcə mənim üçün deyi”, cavabını verib.
Tofiq Yaqublu hamı üçün xəstə canına cəfa verib aclıq edir, bəs hamının ona müracibəti necədir? Bu ölkədə hamı deyilən əksəriyyətin hüquqsuzluğa, korrupsiyaya, seçki saxtakarlığına, məmur özbaşınalığına yanaşması necədirsə, Tofiq bəyin aclığına da münasibət elə laqeyid və biganədir.
Yenə də yazan, deyən, haray çəkən bəlli müxalifətçilərdir.
Toplum Tofiq bəyi öz sükutu, təslimçiliyi ilə sanki bu dünyadan ölümə doğru qovmaq istəyir ki, bəsdir bizim üçün zülmün, şərin qarşısına çıxıb vicsanımızı narahat etdin, bəsdir öz cəsarətin və fədakarlığınla bizə güzgü tutub əsil kimliyimizi göstərdin, bəsdir öz harayınla yuxumuza haram qatıb bizi diksindirdiyin, bəsdir , bəsdir, bəsdir…