İlham Əliyev milli iqtisadiyyatın, yerli istehsalın olmamasını etiraf edir

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Dünən İlham Əliyevin seçilmiş jurnalsiatlərlə görüşündə onunla və komandası ilə əvvəlcədən razılaşdırılmış suallara öncədən düşündükləri cavabları zəif tənqidə belə tab gətirmir.
Diqqət edin, İlham Əliyev İTV-nin sualına cavabda bildirir ki “Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur.”
Bu, milli iqtisadiyyatın, yerli istehsalın olmamasının etirafıdır.
Bu, istehlak bazarındakı yüksək inflyasiya ilə bağlı məsuliyyəti özünün və komandasının üzərindən atmaqdır.
Bu, iqtisadiyyatın xarici şoklardan asılılığını təsdiq edir, “bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur” deməklə acizliyi nümayiş etdirir.
Bu, 20 ildir ki, idxalı minimum səviyyədə belə əvəz edən yerli iqtisadiyyatı qura bilməyən iqtisadi komandanın bacarıqsızlığının, milli iqtisadiyyatın şaxələndirilməməsinin, ticarətin liberallaşdırılmamasının göstəricidir.
Bu, son 20 illik iqtisadi kursun yanlış olmasının isbatı və Azərbaycan iqtisadiyyatının gələcəyinin fəalakətli olacağının proqnozudur.
Bu, xalqa bahalaşma mənlik deyil gedin başınıza çarə qılın mesajıdır.
Necə olur ki, ötən ilin noyabrın 1-ə Azərbaycanda əvvəlki ilin eyni dövrünə nisbətən 12,1 faiz inflyasiya olduğu halda Ermənistanda 6 faiz, Gürcüstanda 7,1 faiz inflyasiya qeydə alınıb? Ona görə ki, Ermənistan və Gürcüstan dövləti rəqabəti dəstəkləyir, rüşvətxorluqla mübarizə aparır, Azərbaycanda isə ailə hakimiyyəti inhisarçılığın və korrupsiyanın inkişafına şərait yaradır.
Sual olunur, əgər inflyasiya ilə mübarizə imkanlarımız məhdud idisə, onda 21 Fevral 2022 – ci il tarixdə “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Nazirlər Kabinetinin sərəncamı nəyə lazım idi?