Əli Kərimli: “Tofiq Yaqubluya hamılıqla dəstək verməliyik”

AXCP sədri Əli Kərimli

Dostlar, Tofiq Yaqublunun aclıq aksiyasının tələblərini düz başa düşmək lazımdır. Tofiq bəy təkcə özünün pozulan hüquqlarının bərpasını deyil, bütövlükdə DİN- in Binəqədidəki müvəqqəti saxlanma təcridxanasındakı dözülməz vəziyyətin aradan qaldırılmasını tələb edir. Son illərdə 100-lərlə AXCP fəalı, vətəndaş cəmiyyəti nümayəndələri, digər müxalifətçilər həmin təcridxanada inzibati həbsdə olublar. Oğlum Türkel də orada inzibati həbsdə olub. Bütün fəallar orada verilən yeməyin keyfiyyətsizliyindən şikayətlənir, yeməklərin hər zaman və qəsdən keyfiyyətsiz və kolorisiz hazırlandığını bildirirlər.

DİN rəhbərliyinin (təcridxana rəhbərliyinin bunu özbaşına edə biləcəyinə inanmıram) müvəqqəti saxlanılan şəxslərə evlərindən ərzaq gətirilməsinə qadağa qoyması, müvəqqəti saxlanılan şəxslərin yaxınları ilə görüşlərinə maneə yaratması da birbaşa qanun pozuntusudur və müvəqqəti saxlanılan şəxslərin həbs müddətində daha çox əziyyət çəkmələri üçün qəsdən edilir.

İnzibati qaydada həbs olunan şəxslər üçün müvəqqəti saxlanma məntəqəsində cinayət törətmiş şəxslərin saxlanıldığı təcridxana və CÇM -dən daha çətin şərait yaradılıb.
Həmin təcridxanada saxlanılmış bəzi ictimai – siyasi fəalların həmin təcridxanadakı vəziyyət haqda yazdıqları yazıları şərh bölümünə əlavə edirəm.
Əziz həmvətənlər, Tofiq bəyə hamılıqla dəstək verməliyik. Onun təcridxanada apardığı dava da haqlı davadır. Onun tələbləri bütün azərbaycanlıların mənafeyinə uyğundur. Biz də hamılıqla səsimizi qaldırıb, həm Tofiq bəyə və bütün siyasi məhbuslara azadlıq tələb etməliyik, həm də DİN -in Binəqədidəki müvəqqəti saxlama məntəqəsində saxlanılan şəxslərə qanunauyğun və insancasına şərait yaradılmasını tələb etməliyik.