Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-a qədər Ukraynada bütün cəbhə boyu atəşkəs elan edilməsini tapşırıb.
Putinin bu barədə bəyanatında deyilir:
“Müqəddəs patriarx Kirillin müraciətini nəzərə alaraq Rusiya Federasiyasının müdafiə nazirinə Ukraynada tərəflərin bütün döyüş təmas xətti boyunca yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-a qədər atəşkəs rejiminin tətbiqini tapşırıram”.
RIA Novosti xəbər agentliyinin məlumatına görə Kreml döyüş əməliyyatları zonasında çox sayda pravoslav xristianın yaşadığını nəzərə alır.
Bundan başqa Rusiya tərəfi Ukraynanı bu adamların İsanın doğum gününü qeyd etmələrinə imkan verməyə çağırıb.
Bundan əvvəl yanvarın 5-də Moskva və bütün Rusiyanın patriarxı Kirill İsanın doğum günündə Milad barışığı təklif etmişdi.
Bayden: Putin oksigen axtarır
ABŞ prezidenti Co Bayden deyib ki, Vladimir Putinin Ukraynada 10 ay davam edən müharibədən, minlərlə insan itkisindən sonra 36 saatlıq atəşkəs təklif etməsi onun “bir az oksigen axtardığını göstərir”.
Yanvarın 5-də axşam Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Twitter-də yazıb ki, Kremlin təklifi ciddi qəbul oluna bilməz və olunmamalıdır:
“Prezident Volodimir Zelenski 10 addımdan ibarət şəffaf sülh formulu təklif edib. Rusiya bu planı görməzliyə vurur və Milad axşamı Xersonu atəşə tutur, Yeni il gecəsi kütləvi raket və dron zərbələri endirir”.
Azadlıq radiosu