Hüquq müdafiəçisi Rüfət Səfərov
Tofiq Yaqublu dünəndən aclıq aksiyasına başlayıb. Yaxın qohumlarla görüşlərə imkan verilməməsinə, bağlama, sovqat, banderol qəbul edilməməsinə və qanunsuz məhkəmə qərarına etiraz olaraq aclığı davam etdirir.
Bəzi formal-hüquqi məsələlərə toxunduqdan sonra faktiki cəhətlərə də münasibət bildərəcəyəm:
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na, “Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydaları”na, “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”na əsasən həbs edilmiş şəxs hər həftə yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə telefonla danışmaq hüququna malikdir. Həmin Qanun və Qaydalarda həbs edilmiş şəxsin bağlama, sovqat və banderol qəbul etmək, yaxın qohumları ilə ayda dörd dəfə 4 saatadək müddətə görüşmək hüquqları da təsbit edilib.
Lakin Tofiq Yaqublunun qeyd edilən hüquqları təmin olunmur.
Haşiyə çıxım ki, mən də 19 oktyabr 2019-cu ildə 1 ay inzibati qaydada həbs edilmişdim. İnzibati həbs olunanların saxlanma məntəqəsindəki mühitlə əyani surətdə tanışam. Təsdiq edirəm ki, məntəqədə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz isti yeməklər verilmir. O zaman məcburiyyət qarşısında təklif edilən yeməkləri yedim, mədə-bağırsaq sistemim pisləşdi, həbsdən sonra uzun müddət müalicə aldım. Xatırlayıram, məntəqənin rəisinə dəfələrlə irad tutub, hüquqlarımı tələb etsəm də yalnız ailə üzvlərim tərəfindən gətirilən su və peçenyeni ala bilirdim, digər yeməklər və s. qəbul edilmirdi. Şəxsi vəsaitim hesabına məntəqənin yaxınlığında yerləşən dönərxanadan dönər aldıra bilirdim ki, onu da yedikdən sonra ağır duruma düşürdüm. Eşşək, yoxsa it ətiydi, deyə bilmərəm, amma dəqiq bilirəm ki, toyuq və ya mal əti deyildi. Belə vəziyyətdə valideynlərim dəfələrlə dönər alıb gətirsələr də növbətçi hissədə qəbul edilmirdi. Təsadüfi deyil ki, həbsdən sonra canlı yayım açıb, daxili işlər naziri Vilayət Eyvazova bir neçə sual verdim ki, onlardan biri də belə idi: “Cənab nazir, həmin dönərxananın DİN sistemində xidmət edən generallardan birinə aid olduğuna dair çoxsaylı iddialar var. Bundan xəbəriniz varmı? Əgər varsa, ayda həmin dönərxanadan sizə nə qədər pul daxil olur?” sualını verdim, qısa zaman sonra tədbir görüldü. Bağlandı. Düzdür, sonradan məni danladılar, çünki müəyyən dustaqların manefiyinə zərər dəymişdi. Həmin dönərdən razı qalanlar da vardı…
Bu gün dönərxana bağlıdır, dövlət müəssisəsi tam keyfiyyətsiz qida təklif edir, ailə üzvlərinin gətirdikləri qəbul edilmir, görüşlər əngəllənir, telefon danışıqlarına məhdudiyyətlər qoyulur və s.
Əlbəttə, belə şəraitdə, hüquqi alətlərin, qanuni imkanların tanınmadığı mühitdə Tofiq Yaqublunun başqa yolu qalmır. Baxmayaraq ki, aclıq səhhətinə son dərəcə mənfi təsir edir, ya da edəcək. Nəzərə alaq ki, Tofiq bəyin sağlamlığında ciddi problemlər var. Ağır cərrahi əməliyyatlar keçirib. Müalicə-bərpa prosesi bitməyib. Demək, nəinki sağlamlığı, həyatı təhlükə altındadır.
Bunu hökumət, prezident İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov bilirlər, amma olduqca sərt yanaşmalarını davam etdirirlər.
Səbəbi aydındır, çünki İlham Əliyev Tofiq Yaqubluya kəskin surətdə nifrət edir, görməyə gözü yoxdur, hətta əlində olsa, ölümünə fərman verər. Axı Tofiq Yaqublu hər gün hakim siyasəti, repressiv üsul-idarəni, zorakı sistemi, məsuliyyət daşımalı olan yüksək vəzifəli şəxsləri, eləcə də prezidenti və daxili işlər nazirini aramsız tənqid atəşinə tutur.
Eyni zamanda, 3 il bundan əvvəl dövlət başçısı İlham Əliyevin xeyir-duası əsasında daxili işlər naziri Vilayət Eyvazov növbəti dəfə Tofiq Yaqublunu tam qurama ittihamlar əsasında cəmiyyətdən təcrid etdirmişdi. O dövrdə Yaqublu misilsiz, fövqəladə şücaət göstərdi, aclıq etdi, dirəndi, dayanmadı, ölümün bir addımlığında oldu, yerli və beynəlxalq reaksiyalar çoxaldı, hökumət sərt mövqeyinə düzəliş etdi, azadlıq hüququnu tanıdı, amma nifrət, kin-küdurət hissi daha da artdı, aşıb-daşdı.
Ona görə də hər fürsətdə Tofiq Yaqubluya qarşı amansız davranırlar. Bəzən onlarla, yüzlərlə aksiyaçının içində bir tək Tofiq bəyi saxlayırlar, başına torba keçirib aparırlar, döyürlər, işgəncələr verirlər, sifətini tanınmaz hala salırlar, yekunda “özü-özünü döyüb” deyirlər, bu səhnələri çəkib hökumətin zirvəsinə də göndərirlər ki, baxsınlar, həzz alsınlar.
Bu dəfə də təxminən elə oldu.
Etirazçılar arasında yeganə Tofiq bəyə saxta ittiham elan etdilər, xırda xuliqanlıqda təqsirləndirdilər, 1 ay müddətinə inzibati qaydada həbs etdilər. Guya Yaqublu küçədə söyüş söyə-söyə gedirmiş… Hərçənd ki, Tofiq bəyi tanıyan hər bir kəs təsdiqləyə bilər ki, o, həyatı boyu bir dəfə də olsun dilinə qeyri-etik ifadə gətirməyib.
Dövlət başçısı İlham Əliyevin doğum gününə 1 gün qalmış daxili işlər naziri Vilayət Eyvazov Tofiq Yaqublu ilə belə davrandı, sanki “hədiyyə” göndərdi…
Yaqublunu, ailəsini, yaxınlarını növbəti dəfə məşəqqətlərə düçar etməklə inandı ki, rəhbərin təşəkkürünü eşidəcək.
Eşidib, ya eşitməyib, deyə bilmərəm, hər halda inanıram ki, eşidəcək.
Mən də özü növbəmdə Tofiq Yaqubluya minnətdarlığımı ifadə edirəm.
Sağ olun Tofiq bəy, hər şeyə görə çox sağ olun və 100 yaşayın!
İctimai maraqlardan ötrü ağır məhrumiyyətlər yaşamaqdasınız…