Krımda Rusiya aerodromu yaxınlığında partlayış olub

Yanvarın 4-nə keçən gecə Ukraynanın işğal olunmuş Krım yarımadasında Belbek aerodromu yaxınlığında partlayışlar eşidilib. Moskva isə Ukraynanın mülki infrastrukturuna havadan zərbələr endirməkdədir.

Sevastopol liman şəhərinə Rusiyanın təyin etdiyi başçı Mixail Razvojayev Telegram-da yazıb ki, Rusiya qüvvələri iki dronu vurublar. AzadAvropa/AzadlıqRadiosu bu məlumatı təsdiqlədə bilməyib.

İnfrastruktur vurulur

Belbekdə Rusiya hava qüvvələrinin 38-ci qırıcı alayı yerləşir. 2022-ci ilin avqustunda aerodroma dron zərbəsi endirilib. O vaxtdan Krımda havadan müdafiə sistemləri mütəmadi işə salınır. Yarımadanın işğalçı başçısı Sergey Aksyonov əraziyə dron hücumlarının “əsas təhdid” olduğunu deyib.

Ukrayna Baş Qərargahının yanvarın 4-də yaydığı məlumata görə, Rusiya havadan onlarla zərbə gerçəkləşdirib, raket atıb, onların çoxu Kramatorsk, Zaporojye və Xersonda mülki infrastrukturu hədəfə alıb. Ötən gecə ölkə boyunca bir çox yerlərdə hava həyəcanı siqnalı eşidilib.

Rusiya oktyabrda Ukraynanın enerji sisteminə intensiv zərbələr endirir, istilik və su təchizatında böyük kəsintilər yaranır.

Bu arada Ukrayna tərəfi qismən işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin bir sıra rayonlarında döyüşlərin getdiyini bildirib.

Azadlıq radiosu