Milli Şuranın sədri, professor Cəmil Həsənli
Son günlər milli-etnik məsələlər, xüsusilə TMR-in başçısı Əlikram Hümbətovun vəfatı ilə bağlı sosial mediada aparılan müzakirələr, zor gücünə konstitusyon qurluşu dəyişmək əməlinə, bölücülüyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş cinayət əməlinə haqq qazandırmaq cəhdləri sadəcə olaraq məyusluq doğurur. Bu kampaniyanın gedişində müxtəlif söz oyunundan istifadə edilir. Məsələn, guya Hümmətov TMR yox, TMMR yaratmışdı və sanki bu cinayət tərkibi yaratmır. Başqa birisi iddia edir ki, TMR zərurətdən yaranmışdı. Üçüncü birisi hətta ritorik bir sual qoyur: Əlikram Hümmətov: Vətən xaini, yoxsa zorən xain edilmiş Vətən Fədaisi?
Əlbəttə mənsub olduğu xalqı, mənsub olduğu milləti sevmək hər kəsin haqqıdır. Amma bu sevgi başqa xalqlara, başqa millətlərə nifrət üzərində qurulanda, digər xalqların tarixinin, mədəniyyətinin, dilinin inkarı üzərində köklənəndə zərərli, daha doğrusu zəhərli meyllər doğurur. Mən bu yazıda Xalq Cəbhəsi hökumətin milli azlıqlarla bağlı nə etdiyindən yazmayacağam. Təkcə onu xatırlatmaq istəyirəm ki, 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizmi başlayanda Azərbayaycanın kommunist rəhbərliyinin Moskvaya göndərdiyi arayışlarda (bu arayışlar daha çox ikinci katib Konovalov tərəfindən göndəriıirdi) respublikanın milli etnik mənzərəsi belə təsvir edilirdi: əhalinin 78,4 faizi azərbaycanlı, ruslar və ermənilər ayrı-ayrılıqda 7,9 faiz, ləzgilər 2,6 faiz, digər millətlər 3,5 faiz. Bu rəqəmlər nə qədər obyektivdir, obyektiv deyil bu başqa məsələdir. Amma sonrakı demoqrafik yerdəyişmələrin gedişində rəqəmlər də dəyişdi. Və ilk dəfə olaraq Xalq Cəbhəsi hakimiyyəti dövründə milli azlıqların mövcudluğu, onların milli və mədəni hüquqları tanındı. Milli irsinin dövlət tərəfindən qorunmasına təşəbbüslər edildi.
Dövlət müharibə dövründə ən strateji postlardan birini – Müdafiə Nazirinin müavini kimi yüksək hərbi vəzifəni Əlikram Hümmətova etibar etmişdi. Heç bir hərbi təhsili və təcrübəsi olmadan ona polkovnik hərbi rütbəsi vermişdi. İxtiyarına silah-sursat anbarları verilmişdi. Amma bunlar neynədilir? Rusiyanın müəyyən dairələri ilə əlbir olub Türkiyədən gələn yüksək rütbəli hərbi məsləhətçiləri hərbi hissələrə buraxmadılar. 1993-cü ilin yazında bir gecədə, eyni saatda 242 hərbi hissədə qəfil yoxlamalar keçirildi. Məlum oldu ki, yalnız Kalaşnikov avtomatlarının sayı qeyd olunduğundan 11 min ədəd azdır. Xidmət yerində olan hərbçilərin sayı göstərilən rəqəmlərdən xeyli aşağıdır. Çatışmayan (kağızda olub, faktiki olmayan) silahların arasında, hətta ağır silahlar (tank, helikopter) da var idi. Bu dəhşətli bir mənzərə idi. Rusiya Dövlət Kəşfiyyat (GRU) orqanları ordunun içinə nüfuz etmişdi. 4 iyun qiyamının və onun uzantısı olan TMR yaranmasının bir səbəbi də bununla bağlı idi. Milli azlıq, etnik “ehtiyaclar” bəhanə idi. Bu xalq min illər boyu ətlə-dırnaq kimi iç-içə yaşayıb.
Orduda tutduğu yüksək vəzifədən və ixtiyarına verilmiş şəxsi heyət və silah-sursatdan sui istifadə edərək Əlikram Hümmətov iyun ayının 22-də hərbi qiyam qaldırıb, ölkənin bir hissəsində hakimiyyət orqanlarını silah və hərbi texnika gücünə ələ keçirib oyuncaq Talış Muğan Respublikası elan edib. Qanuni hakimiyyət tərəfindən təyin edilmiş bir sıra icra başçıları və digər vəzifəli şəxslər zor gücünə BTR-lərə salınıb Lənkərana aparılıb, bəziləri həbs edilib. Həmin ərazidə respublikanın qanunlarının tətbiqini dayandırıb, dövlət atributlarını dəyişdirib, yeni himn və bayraq tətbiq edib. Surət Hüseynov Lənkərana gələrkən TMR-in atributları və hərbi paradla qarşılanıb, bütün bunlar televiziyada nümayiş etdirilib. TMR elan edildikdən sonra Əlikramın ələ keçirdiyi ərazi ilə respublikanın digər ərazisi arasında (nəzaərət etdiyi rayonlar arasında daxili postlar) hərbi postlar qurulub, şlaqbaumlar qoyulub. Həmin postlara nəzarət üçün BTR və digər hərbi texnikadan istifadə edilib. Həmin postun biri Biləsuvar rayonu Xırmandalı kəndinin Salyan istiqamətində çıxacağında idi. TMR fəaliyyəti dövründə mən şəxsən özüm kəndimizə gedərkən bir saat həmin postda saxlanıb sorğu-suala tutulmuşam. Yəni insanların ölkə ərazisində azad hərəkətinə məhdudiyyətlər qoyulub.
Avqustun 8-də nəzarət etdiyi ətraf rayonlardan müxtəlif adlar altında zor və qorxu gücü ilə “nümayəndələr” gətirərək “xalq məclisi” deyilən toplantı keçirib, 22 iyunda elan etdiyi TMR-nı Talış Muğan Muxtar Respublikasına transfer edib. Bəzi “hüquqşünaslar” və fəallar əsaslandırmaq istəyirlər ki, guya muxtar respublika yaratmaq bölücülük, separatçılıq deyil. Qorxu altında saxlanılan əhalinin bu prosedə iştirakını iddia etmək absurddur. Xalq heç bir halda öz müstəsna hüququnu ondan mandat almayan quldur dəstəsinə etibar edə bilməzdi. Qorxu aradan qalxan kimi xalq Əlikramı və onun quldur dəstəsini özü qovdu. Dünyada 5 min xalq var, 200-dən bir qədər artıq dövlət mövcuddur. Zor gücünə dövlətlərin inzibati ərazi qurluşunu dəyişmək, ölkənin hüdudlarında ikinci “Artsax” yaratmaq cinayət əməli idi və bunun ayrı adı, ayrı izahı yoxdur.
Silah və zor gücünə ölkənin bir hissəsini zəbt etmək, inzibati ərazi quruluşunu dəyişmək, ölkənin suverenliyinə qəsd etməyin adının TMR və ya TMMR olması nəyi dəyişir? Öz ziyanlı fikirlərinə haqq qazandırmaq üçün bunu tez-tez Naxçıvan Muxtar Respublikası ilə ört-basdır etməyə çalışırlar. Naxçıvanın muxtar ərazi statusu beynəlxalq ikitərəfli və çoxtərəfli müqavilələrlə, onun etnik yox, coğrafi mövqeyi ilə müəyyən edilir.
Niyə ölkənin birliyinə və bərabərliyinə qarşı yönəlmiş bütün bu addımlara indi “qəhrəmanlıq” və “fədailik” donu geyindirilir. Əlikram Hümmətov qiyam törətmişdi, ölkənin bir hissəsini silah gücünə ələ keçirmişdi, orada Azərbaycan dövlətinin qanunlarının və atributlarının işləməsin qadağan etməklə ağır dövləti cinayət törətmişdi. Hərbi qiyam qaldırmışdı. Hərbi texnikanı hazır vəziyyətə gətirdikdən sonra cənub istiqamətindən Bakıya yürüşə hazırlaşırdı. İndi bu cinayətkara, 10 il əvvəl gedib Ermənistan və Xankındində “Oyuncaq Arsax respublikası”nın “uğurlarından” vəcdə gəldiyin publika qarşısında, ekran qarşısında ifadə edən bir bölücüdən, bir xaindən, bir pozucudan, bir cinayətkardan necə qəhrəman düzəltmək olar, necə belə bir əməllərin sahibinə bəraət vermək olar? Kimliyindən asılı olmayaraq kim bu “baraət” prosesində iştirak edirsə Əlikram Hümmətov cinayətlərinə şərik olmuş olur.
“Demokratiyaya” iddialı olan bəziləri eyham vurular ki, seçici səsinə möhtac olan siyasi qurumlar gərək belə şeylərə göz yumsunlar, baş verən cinayətləri görməzdən gəlsinlər. Yanlış yanaşmadır. Milli azlıqların mədəniyyət, dil, təhsil, milli və mənəvi hüquqlarına hörmətlə yanaşılmalıdır. Onların varlığı, dili və mədəniyyəti ölkənin mənəvi sərvətinin bir hissəsidir. Şübhəsiz ki, bu sərvətə qayğı və diqqətlə yanaşılmalıdır.
Lakin ölkənin birliyinə və bütövlüyünə qəsd edən, suverenliyini silah gücünə pozan, unitar dövlətin konstitusyon qurluşunu qiyam yolu ilə dəyişdirən bir cinayətkara haqq qazandırmaq, onu məsuliyyətdən yayındırmaq, ona bəraət vermək hesabına kimlərdənsə səs təmənnasında olmaq özü də, bu cinayətə şərik olmaqdır. 44 günlük müharibə Azərbaycanda yaşayan bütün xalqların və millətlərin vətənpərvərlik məktəbindən, müharibə səngərindən uğurla keçməsinin tarixi örnəyini yaradıb. Mühüm olanı budur.