Son 10 ildə Azərbaycanda müəllimlərin gəliri necə dəyişib?

Azərbaycanda 1 milyon 700 min nəfər muzdla çalışan, başqa deyimlə əmək müqaviləsinə görə aylıq maaş alan işçi var. Belə işçilər arasında say çoxluğu təhsil sektoru əməkdaşlarına məxsusdur. Muzdla çalışanların təxminən beş nəfərindən biri bu sektorda fəaliyyət göstərir. Azərbaycanda özəlliklə qadınların məşğulluğu baxımından təhsil sektorunun böyük önəmi var. Maaş alan qadınların 36 faizi – təxminən hər üç qadından biri təhsil sektorunda çalışır.

Say olaraq ölkədə muzdla çalışanların ən böyük hissəsi təhsil sektorunda çalışsa da, əməkhaqqı baxımından bu üstünlük gözə çarpmır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin əvvəlində Azərbaycanın təhsil sektorunda orta aylıq əməkhaqqı cəmi 526 manat olub.

Cədvəl: 2012 və 2022-ci ildə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı

İqtisadi fəaliyyət növləri20122022Artım
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi164568247%
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar228660189%
Mədənçıxarma sənayesi11803088162%
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət211536154%
Dövlət idarəetməsi və müdafiə; sosial təminat403985145%
Su təchizatı, tullantıların təmizlənməsi və emalı232550137%
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq196457133%
Digər sahələrdə xidmətlərin göstərilməsi332759129%
Nəqliyyat və anbar təsərrüfatı447953113%
Peşə, elmi və texniki fəaliyyət6001209101%
İnformasiya və rabitə5771155100%
Emal sənayesi35468593%
Maliyyə və sığorta fəaliyyəti1004193893%
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı41377086%
Təhsil28352686%
Tikinti51988871%
Ticarət; nəqliyyat vasitələrinin təmiri33553760%
Turistlərin yerləşdirilməsi və ictimai iaşə38558552%
İnzibati və yardımçı xidmətlərin göstərilməsi535432-19%
İqtisadiyyat üzrə – cəmi364732101%

Cədvəldən göründüyü kimi, 19 iqtisadi fəaliyyət növü arasında təhsil sektoru orta aylıq əməkhaqqına görə 17-cidir. Başqa sözlə, təhsil sektorundakı orta aylıq əməkhaqqı cəmi iki sektordan çoxdur, digər 16 istiqamətdənsə geri qalır. Hökumət rəsmiləri tez-tez təhsil sektorunda əməkhaqqı artımlarının digər sektorlarla müqayisədə yüksək olması ilə bağlı açıqlamalar verir. Di gəl, rəsmi rəqəmlər bu iddianın doğru olmadığını göstərir. Axı son 10 il ərzində təhsil sektorunda orta aylıq əməkhaqqı cəmi 86 faiz artıb. Bu göstərici ilə təhsil sektoru 19 iqtisadi fəaliyyət növü üzrə ən çox əməkhaqqı artımı qeydə alınan 15-ci fəaliyyət növüdür. Deməli, iqtisadi fəaliyyət növlərinin çoxunda əməkhaqqı artımı təhsil sektoruna nisbətdə daha yüksək olub. Hazırda təhsil sektorundakı orta aylıq əməkhaqqı ölkədəki minimum əməkhaqqını cəmi 1.7 dəfə qabaqlayır.

Azadlıq radiosu