Bəxtiyar Hacıyev aclıq elan etdi

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclığa başladığını deyir. Bunu o, dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində onun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılarkən açıqlayıb.

Məhkəmədə Hacıyev bildirib ki, barəsindəki cinayət işi saxtadır. İctimai fəal iddia edib ki, Daxili İşlər naziri Vilayət Eyvazovun göstərişiylə həbs olunub.

Ailə üzvləri görüşə bilməyib

Məhkəmədə iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi isə Hacıyevin iddiasının əsassız olduğunu, onun Ülviyyə Alovlu ilə mübahisə zəminində xuliqanlığa görə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib.

Həbsdə olan şəxslərin həftədə iki dəfə telefonla danışmaq və görüş hüququ var. Hacıyev deyir ki, dekabrın 9-da həbs olunandan bu yana ailə üzvlərilə nə görüşə bilib, nə də telefonla danışıb. Hətta ona sovqat da çatdıra bilməyiblər.

“Qanunsuz həbsimə, mənə qarşı törədilən cinayətlərə etiraz olaraq, dekabrın 15-dən ölüm aclığına başlamışam. Təcridxanadan məhkəməyə gətiriləndə yalnız su qəbul etmişəm”, – Hacıyevin sözləridir.

Arqumentlər yetərli sayılmayıb

Onun vəkilləri həbsdə saxlanması üçün heç bir əsas olmadığını söyləyiblər. Deyiblər ki, 1 il 2 ay ərzində bu işlə bağlı araşdırma gedib, Hacıyev heç vaxt istintaqdan yayınmayıb, yaşadığı yer bəllidir və s.

Lakin məhkəmə vəkillərin arqumentlərini yetərli saymayıb. İctimai fəalın istintaq dövründə həbsdə saxlanması haqda Xətai rayon Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

Bəxtiyar Hacıyev CM-in 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 min manata qədər cərimə, 400 saatadək ictimai işlər, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, pişiyə görə Hacıyevlə jurnalist Ülviyyə Alovlu arasında mübahisə yaranıb. Bu mübahisə məhkəmə müstəvisinə çıxıb. Məhkəmədə Hacıyev sənədləri masanın üstünə çırpıb, xuliqanlıq edib.

A.Layıcın əlavə etməsinə görə, B.Hacıyev irəli sürülən ittihamları qəti şəkildə rədd edir və hesab edir ki, həbsdə əsl məqsəd onun beynəlxalq təşkilatlarla əlaqələrini məhdudlaşdırmaqdır.

Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

İş haqqında…

Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır. Ötən ilin oktyabrında məhkəmədə Hacıyev ilə Alovlu arasında insident yaşanmışdı.

Ü.Alovlu B.Hacıyevin onu vurmasını iddia etmişdi, Hacıyev isə, öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya atdığını demişdi.

Alovlu Hacıyevi Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Amma onun şikayəti sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanmışdı.

Onlar bir-birilərindən şikayətçi idilər.

ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar B.Hacıyevin həbsindən narahat olduqlarını açıqlayıblar.

“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq, hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, – ABŞ Dövlət Departamentin mətbuat katibinin müavini Vedant Patel bildirmişdi.

Azadlıq radiosu