Milli Şuranın sədri, professor Cəmil Həsənli
12 dekabr günü yaxınlaşdıqca ölkə mətbuatında Heydər Əliyev haqqında əfsanələr, uydurmalar da çoxalır, yalan ayaq tutub yeriyir. “Azərbyacan” qəzetində bu gün İradə Əliyevanın “Ana dilimizin təəssübkeşi” adlı bir yazı gedib. Müəllif yazır: Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Moskvanın bütün etirazlarına baxmayaraq, Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması bu dildə milli-mədəniyyət nümunələrinin yaradılmasına, mətbuatın, incəsənətin, elm və təhsilin inkişafına xidmət etmişdir”.
Müəllif ya xəbərsizdir, ya da saxtakarlıq edir. 1956-cı ilin avqustundan sonra, ta 1978-ci il konstitusiyası qəbul olunana qədər Azərbaycan dili respublika konstitusiyasında dövlət dili kimi təsbit edilib. Sadəcə olaraq Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra konstitusiyada dövlət dili kimi təsbit edilən Azərbaycan dilinin praktikada tətbiqini məhdudlaşdırdı. Əvvəlkindən fərqli olaraq bütün partiya və dövlət tədbirləri rus dilində aparılmağa başladı. 1978-ci il konstitusiyasına qədər SSRİ-də yalnız 3 respublikada milli dillər dövlət dili kimi konstitusiyalarında təsbit edilmişdi: 1937-ci ildə Gürcüstan və Ermənistan konstitusiyalarında, 1956-cı ildə Azərbaycan konstitusiyasında.
Və əlavə edir ki, “Azərbaycan cəmiyyətinin o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlüklə Azərbaycan dilinə keçmək çox riskli, mərkəzə meydan oxumaq idi. Mirzə İbrahimovun təcrübəsi həmin yolun uğursuzluğunu artıq göstərmişdi”. Mirzə İbrahimov təcrübəsinin uğursuzluğu nədə idi? Mirzə İbrahimov deyirdi ki, niyə gürcü və erməni dilləri dövlət dili ola bilər, amma Azərbaycan dili ola bilməz? Bu düşüncü ilə də Sov.İKP MK ilə razılaşdırılmadan 1956-cı ilin avqust ayının 21-də Azərbaycan Ali Sovetinin sessiyasında Azərbaycan dilinin dövlət dili olması haqqında maddə respublika konstitusiyasına əlavə edildi və buna görə Nikita Xruşşov Mirzə İbrahimova qatı millətçi damğası vurdu. Amma bu maddə konstitusiyadan çıxarılmadı. Məhz bundan sonra Azərbaycan xalqı özünü ölkəsinin sahibi kimi hiss etməyə başladı. Bu Mirzə müəllimin böyük tarixi uğuru idi. Yeri gəlmişkən 1969-cu ildən sonra Mərkəzi Komitədən Yazıçılar İttifaqının sədri Mirzə İbrahimova dedilər ki, artıq sizdən başqa bütün idarə və müssisələr Mərkəzi Komitəyə hesabatları, arayışları, məktub və müraciətləri rus dilində göndərir, xahiş edirik siz də rus dilində göndərəsiniz. Mirzə müəllim dedi ki, nə qədər mən bu ittifaqın rəhbəriyəm MK da daxil olmaqla respublika daxili yazışmalar Azərbaycan dilində olacaq.
1978-ci il konstitusiyasında dövlət dili ilə bağlı İradə Əliyevə yazır ki, “həmin dövrdə respublika rəhbəri siyasi taleyini riskə qoyaraq Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması barədə müddəanı təmin etmək üçün təşkilati işlər aparmış, elm və ziyalı qurumlarını da bu işə cəlb etmişdi. O zaman bu hərəkət Moskvada böyük narazılıq yaratmışdı… Böyük rəhbərin qətiyyəti və iradəsi sayəsində həmin müddəa (dövlət dili) 1978-ci ildə qəbul edilən yeni Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapdı”. Bir az belə deyil.
SSRİ Konstitusiyasına müvafiq olaraq 1978-ci ildə müttəfiq respublikalar öz konstitusiyalarını hazırlayanda, əvvəlcədən əsas qanunlarında dövlət dili haqqında maddələr olan üç Cənubi Qafqaz respublikasına həmin maddələri yeni konstitusiyalarına daxil etməmələri “tövsiyə” edilmişdi. Və “ulu öndər” də nəinki buna etiraz etməmişdi, Mərkəzi Komitədən mətbuat və kütləvi informasiya vasitələrinə göstəriş verilmişdi ki, “zəhmətkeşlərin çıxışlarında” vahid sovet xalqı, vahid dil məsələsini təbliğ edilsin.
Hətta, məsələ 1978-ci ilin aprel ayının 4-də MK bürosunda müzakirə olunanda Heydər Əliyev dedi ki, mən çoxmillətli respublikada Azərbaycan dilinin qəti əleyhinəyəm. Təkid etdi ki, dövlət dili rus dili olmalıdır və hətta bu barədə Moskvayada yazılı müraciət də göndərdi. Bu iclasının stenoqramı Siyasi Sənədlər Arxivində arxivdə və ktub Rusiya arxivində saxlanılır. Niyə bu yalanları uydururlar, axı..
Zaqafqaziya respublikaları arasında ilk olaraq Gürcüstan 1978-ci ilin aprel ayının 14-də yeni konstitusiyanın layihəsini respublika Ali Sovetinin sessiyasının müzakirəsinə çıxardı. Həmin gün Gürcüstanın paytaxtı Tibilisini həyəcanlar bürüdü. On mindən artıq adam yeni konstitusiyada dil haqqında maddənin dəyişməz saxlanması, gürcü dilinin dövlət dili kimi elan olunması tələbi ilə Hökumət Evinin qarşısına toplandı. Rəsmi arayışlarda mitinqçilər “kütlə” kimi təqdim olunsalar da, bu “kütlənin” önündə gürcü yazıçıları, gürcü akademikləri, bir sözlə, tanınmış gürcü ziyalıları gedirdı. Mitinqçilərin tələbi qarşısında hökumət geri çəkilmək məcburiyyətində qaldı.
Moskva ilə tələm-tələsik danışıqlardan sonra ictimai fikrin təzyiqi altında Gürcüstan SSR Ali Sovetinin sessiyası elə həmin gün gürcü dilinin dövlət dili statusu haqqında respublikanın köhnə konstitusiyasının müvafiq maddəsini dəyişməz olaraq saxladı. Bundan sonra Moskva hər üç respublikaya əvvəlki konstitusiyalarında olduğu kimi ana dillərini respublika konstitusiyalarında dövlət dili kimi saxlamağa icazə verdi. Müəllifin yazdığı guya “ulu öndərin siyasi taleyini riskə qoyaraq”, “Moskvanın narazılığına baxmayaraq” 1978-ci il konstitusiyasına dövlət dili müddəası salması məsələsi uydurmadır. Risk-misk boş şeydir, məsələ belə olub. Amma bunu da qeyd etmək lazımdır ki, Azərbaycan dili dövlət dili kimi 1978-ci il konstitusiyasına salınsa da, praktiki baxımdan işləmidi. Yenə də bütün rəsmi tədbirlər rus dilində keçirilirdi.