Taleh Bağırovun həyat yoldaşı: ‘Ondan heç bir məlumat ala bilmirik’

“Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun 12 gündür ki, həbsdə aclığı davam etdirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib.

Həyat yoldaşı bildirib ki, Bağırovun durumu haqda heç bir məlumat ala bilmirlər. Çünki onunla sonuncu dəfə noyabrın 27-də telefonla əlaqə saxlaya bilib. Vəkili Fəxrəddin Mehdiyev isə dekabrın 3-də cəzaçəkmə müəssisəsində Bağırovla görüşüb.

“Çox narahatıq”

“Beynəlxalq Qırmızı Xaç Komitəsinə də, Ombudsman Aparatına da xəbər vermişik. Çox narahatıq. Bu soyuq qış günündə 12 gün ac qalmaq nə deməkdir?! Heç bir məlumat da ala bilmirik”, – İsmayılzadə bildirib.

Həyat yoldaşı vurğulayıb ki, ilahiyyatçı Qobustan həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilən gün oranın rəis müavini Babək İsgəndərovun təhqirlərinə və nalayiq davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Sosial şəbəkələrdə aclığın 11-ci günündə cəzaçəkmə müəssisəsində Bağırovun vəziyyətinin kəskin pisləşdiyi, bu səbəbdən onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü haqda məlumatlar yayılıb.

Penitensiar Xidmət təkzib edir

Lakin Penitensiar Xidmət bu haqda iddiaları təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Bağırovun aclıq səbəbindən vəziyyətinin pisləşməsi və Müalicə Müəssisəsinə köçürülməsi haqda məlumatlar həqiqətəuyğun deyil.

Dekabrın 7-də “Müsəlman Birliyi” Hərəkatı təşkilata qarşı təzyiqlərin artması, son 10 gündə qurumun dörd üzvünün saxta narkotik ittihamı ilə həbs olunması haqda bəyanat yayıb: “Kiminsə gözünə qara görünüb həbs olunan bu şəxslər hansısa ailənin başçısı, hansısa uşağın atası, hansısa xanımın həyat yoldaşı, hansısa ananın oğludur. Heç bir izahat verilməyən bu qanunazidd həbslərin dayandırılması üçün sizlərə, Azərbaycanın düşünən beyinlərinə bir daha müraciət edirik…”.

Azadlıq radiosu