ADR sədri, iqtisadçı ekspert Qubad İbadoğlu
İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə fərmana görə Azərbaycandan xarici ölkəyə, eləcə də Azərbaycana xarici ölkələrdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar məbləğdən asılı olaraq cərimələnəcək və həbs ediləcək.
Fərmana əsasən, həmin cinayət işləri üzrə ibtidai istintaq bu işi başlamış İqtisadiyyat Nazirliyi və ya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq.
Bütün dünyada maliyyə amnistiyasının tətbiqi, gəlirlərin və əmlakın bəyan edilməsi ilə bağlı şəffaflığın və hesabatlığın artımı dinamikası müşahidə edildiyi bir zamanda Azərbaycanda xarici valyutaya nəzarətin gücləndirilməsi istiqamətində atılan addımlar hansı zərurətdən yaranıb və nəylə bağlı ola bilər? Bu sualları cavablandırmaq üçün fikirlərimi sizə təqdim edirəm.
Öncə zərurətdən bəhs etmək istəyirəm. Hesab edirəm ki:
1) Naxçıvan istisna olmaqla quru sərhədlərin bağlanması ölkədən xaricə kapital axının banklar vasitəsilə həyata keçirilməsinə tələbatı artırır.
2) Ölkədə iqtisadi və biznes idarəçiliyin oliqarx formatında ailə podratına keçirilməsi son nəticədə birincilərin malik olduğu kapitalın xaricə çıxarılmasını sürətləndirir.
3) Dünya bazarında neftin qiymətinin ucuzlaşması, neft hasilatının kəskin azalması ölkənin valyuta gəlirlərinin azalmasına və devalvasiya risklərinin artmasına gətirib çıxarır.
Səbəblərə gəlincə, bu fərman Azərbaycanda mövcud avtoritarizmin bazasında pulun azadlığının məhdudlaşdırılmasına, kapitalın diktaturanın qurulmasına və maliyyə axınlarının mərkəzləşdirilmiş nəzarətin təminatına yönəlib. Bununla yanaşı, bu fərman həmçinin selektiv usullarla arzuolunmaz şəxslərə cinayət işi açılmasına gətirib çıxaracaq, qanuni yollarla pul qazanıb, xaricdə tələbə oxutdurmaq və digər fəaliyyətləri maliyyələşdirmək istəyənlər üçün də əlavə problemlər yaradacaq.
Bu fərman nəticəsində ölkəyə xarici sərmayənin gəlişi, daxildəki əcnəbi investorların fəaliyyəti daha da məhdudlaşacaq. Bir sözlə yenə də hakimiyyət və kapitala nəzarət marağı dövlətin mənafeyindən önə keçəcək.
Nəhayət, bu fərmanı manatın devalvasiyasına hazırlıq kimi də dəyərləndirmək olar.