Qənimət Zahid
«Tamarzıdan al, dadamala ver» atalar sözünün «Oğrudan oğruya halaldır» sertifikatı ilə. İzahını verirəm.
Azərbaycanda iribuynuzlu məmurların hamısının işdən qovulması (qəsdən «çıxarılması» yox, «qovulması» yazıram) hamıya ləzzət edirmi? Əksəriyyət bunu belə hesab edir: «ay səni yaramaz, bəs bilmirdin, günün birində belə cəzalandırılaqcan, sənə bu da azdır».
Amma gəlin işin mahiyyətinə baxaq. Ən azı, 3 qabarıq naziri götürək. Səlim Müslümov, Ziya Məmmədov, Fazil Məmmədov… Zakir Qaralov kimiləri siyahıdan kənarda saxlamamaq şərti ilə.
Bu adamların hər biri budananda «dövlətvarı mətbuat»da 3-4 milyard mənimsəmə ilə bağlı ittihamlar yayılır. İctimai rəydə də adekvat qarşılanır. Yəni, «bəli, ağlabatan rəqəmdir və bu alçaqlar, ən azı, bu qədər oğurlaya bilərdilər.
Lap bu günlərdə Naxçıvan məmurlarının da söhbəti bu qaydada gedir. Hətta Vasif Talıbovun özünün və ailə üzvlərinin sərvət siyahıları ilə zənginləşdirilən məlumatlar yayılır. İctimai nifrət püskürür və hakim ailənin təbliğat- təqdimat direktivləri ilə zənginləşdirilən informasiya axınları da kütləvi rəyin formalaşmasında babat xidmət göstərir. «Bu alçaq oğrulara haqq olur, onların hamısı cəzalandırılmalıdır» hökmünün məntiqi, başqa tərəfdən, cəzalandıranlara da haqq qazandırır.
Bəs, cəzalandıranlar kimdir? Sadəlövh ictimai rəydə belə bir aşkar qənaət varmı ki, cəzalandıran tərəf on illər ərzində bu yağmaya, bu qarətə sərəncam vermiş və şərait yaratmış tərəfdir. Yəni, İlham Əliyevin özü. Üstəlik, günün birində cəzalandırılanları bir- bir dəzgaha otuzdurmaqla ictimai simpatiya da qazanmaq şərtilə.
Məmur talanı ölkənin birinci şəxsinin məqsədli şəkildə işə saldığı mexanizmdir. Kimlərsə oğurlayır, millətin sərvətini talayır və günün birində prezident də tutub onların əllərindən alır və qoyur cibinə. Sadəlövh ictimai rəy bu cəza mexanizminin son mərhələsində qazanan tərəfi gözardı edir. İctimai rəy cəzalandırılanları görür və bu prosesin həzzini yaşayır. Sanki ortalıqda sahibsiz əmlak və ya yiyəsiz pullar varmış, hansısa həyasızlar bu sərvətləri oğurlayıb, sonda isə prezident göz qapaqlarını qaldırıb bu həyasızları cəzalandırır və ictimai rəy rahat olur. «Atalar deyib axı…».
Bəli, əlbəttə, talan prosesi prezidentin qəsdən, şüurlu şəkildə yaratdığı prosesdir. Sonda həmin «həyasız və tamahkar məmurların» əlindən alınan sərvətləri də özü qamarlayır. Bu prosesin özəlliyi- gözəlliyi odur ki, prezident birbaşa xalqdan yox, qanunsuz yollarla varlanan məmurlardan alır. Məmurların bu sərvətləri xalqın əlindən, cibindən, boğazından kəsməsi gerçəyi də arxa plana atılır.
Əlbəttə, prezident də özünün geniş və müqayisəsiz dərəcədə nəhəng şirkətləri vasitəsilə bilavasitə xalqın boğazından və həyatından kəsir. Amma bu da ikinci plana keçir. «Axı, orda məmurlar var, onlar oğurlayır, prezident də onları da tuta bildikcə cəzalandırır». Bu, əsl dəıləduzluqdur. Və ya əsl dələduzluğun üzərində qurulmuş lirik ricətlərdir. Cinayətkarlığın ictimai şüura bəzəkli şəkildə qayıdışı!..
Prezident özü hamıdan çox oğurlayır, öz oğurluğunun ictimai rəydə ört- basdır edilməsi üçün məmurlara da oğurlamaq imkanı yaradır, həm də nəzərdə saxlayaraq ki, zamanı gəldikcə onları bircə- bircə tutub xalqa göstərmək üçün: «baxın, bu alçaqlar sizin haqqınızı yeyirdi, biz onları cəzalandırırıq».
Həm də söhbət yalnız nazirlərdən də getmir. Hansısa bir icra başçısı cəzalandırılan zaman üzə çııxarılan 5-10 milyon dollarlıq mənimsəmə o deməkdir ki, həmin icra başçısının işlədiyi zamanda həmin rayonun hesabına prezidentin özünün mənimsədiyi həmin icra başçısının mənimsədiyindən bir neçə dəfə artıqdır. Burda belə bir effekt işləyir. Anbarda əskikləri- yeyintiləri gizlətmək, ört- basdır etmək, silmək üçün neyləyirlər ? Anbarı yandırırlar. İlham Əliyevin məmurları korrupsiya- talan əməliyyatlarına görə cəzalandırması da «anbarı yandırmaq» əməliyyatının inzibati təkrarıdır. Daha istedadlı və daha hiyləgər şəkildə.
Kəmaləddinə də hələlik ona görə dəymirlər ki, yandırılan anbarları söndürmək lazımdır. Axı, Kəmaləddin Fövqəladə hallar naziridir 🙂