Gözəl Təbriz silsiləsindən daha bir yarpaq

Bu oçerk 1946-cı ilin may ayında yazılıb. Həmin vaxt Sovet qoşunları İranı tərk edirdi. Güney Azərbayca göndərilmiş Sovet Azərbaycanı mədəniyyət və mətbuat işçiləri də yavaş-yavaş Təbrizi tərk edirdilər. Ayrılıq məqamı yetişmişdi. Həmin ayrılıq məqamının iztirabları bu oçerkdə çox canlı əks edilib. Bir də gözəl Təbrizin təsviri.

Gözəl dost

Biz səndən ayrılanda Yanıq dağın üstündə ildırımlar çaxırdı. Badam ağacları ağ paltarlarını yaşıl atlaz ilə əvəz etməmişdi. Çəhrayı şaftalı çiçəkləri bağları bəzəmişdi. Gözəl dost, mən səni Təbrizin baharına tapşırdım. Mən səni dəstə-dəstə keçən fədailərin nəğməsini dinləyən gördüm. Sən dalğın idin. Bəlkə də bu, ayrılıq axşamının qəribliyindən doğan bir hiss idi.

Gözəl dost! Mən səni yalqız qoyub gəlmədim. Mən səni ilıq bir may səhərinin şəfəqlərinə tapşırdım. Biz bütün günü səninlə bərabər gəzdik. Təbrizin başı üzərində tarixin qarovulu kimi duran qalaya baxdıq. Ərk qalasına baxdıq. Bütün Təbrizi bir də təzə­dən seyr etdik. Sən gözlərini gözümə dikərək, nədənsə, bir az ciddi, bir az şux əda ilə: “Siz ağlayana oxşamırsınız, siz daim gülürsünüz”, – dedin və gözlərinin yaşını sildin. Gözəl dost, mənim qəhqəhələrim arxasında gizlənən hıçqırıqlarımı, təbəssümlərimin örtdüyü göz yaşlarımı görmədinmi? Mən, ancaq səndən deyil, küçələrində səhər nəğmələri səslənən yaşı qoca, qəlbi cavan Təbrizdən deyil, munis xatirələrimin yuvasından ayrıldım. Sən mənə bir həsrət yadigar verdin ki, onu qəlbimdə saxlayıram. Mən xatirələrimi zərif büllur bir gülqabı kimi ehtiyatla, bütün varlığım, qəlbim, ruhum titrəyərək Vətənə gətirdim. Mən Bakının işıqlı gecələrində səni – Təbrizi xatırlayıram. Gözəl dost, mən indi bu xatirələrin məlal və qürur doğuran rayihələri ilə yaşayıram. Qəlbimdəki ümid fidanları solmamışdır. Mənim əməlim, arzum, nadinc bir uşaq kimi daim çırpınan qəlbim bu ümidimin körpə yanaqlarına işıq verir. Yadındadırmı, gözlərimə baxaraq məndən soruşdun:
-Bir də görüşəcəyikmi?
Mən cavab verdim:
-Gör, Təbrizin nə gözəl baharı var. Qaranquşlar da yuvasına dönmüşdür. Gözəl dost, biz yenə görüşəcəyik. Aylar, illər bizim mətanətimiz qabağında qocalsın! Eşqimizin qüdrəti tarixlərə misal olsun!

Mən səndən gülə-gülə ayrıldım. Mən bu ayrılığın əbədiyyətinə inansaydım, səndən ayrılmazdım. Qəlbimə axan göz yaşlarını sən görmədin. Mən onları səndən gizlətdim. Sən bu göz yaşlarını görsəydin, bəlkə də ümidini itirər, bizim ayrılığımızın əbədiyyətinə inanardın.

Gözəl dost! Mən ulduz gözlərinin işığı ilə ruhuma çökən qaranlığı boğdum. Mən səni unuda bilərəmmi? Sən mənim gülüşlərimin hərarətindən isindin, sən məni unuda bilərsənmi?

Biz həzin bir bahar axşamı ayrıldıq. Yanıq dağın üstündə ildırımlar çaxırdı. Hər yer yaşıl atlaza bürünmüşdü. Sən dalğın-dalğın fədai dəstələrinin nəğməsini dinləyirdin. Bu nəğmə səsləri Təbrizin hər tərəfindən gəlirdi. Elə bil, dağlar, qayalar da o qüdrətli nəğmənin sözlərini təkrar edirdi.

Fədailər oxuyurdular:

-“Həmişəlik yaşa, Azərbaycan!”

Rəsul Rza
12 may 1946-cı il.

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb