Media Reyestrinə alınmayanlara verilən cavablar…

Media haqqında yeni qanuna əsasən, bu il oktyabrın 14-də Media Reyestri fəaliyyətə başlayıb. Qeydiyyat üçün müraciət edən saytlardan bir çoxu artıq müsbət cavab alsalar da, bəzilərinə Medianın İnkişafı Agentliyi (MEDİA) imtina cavabı verib.

Bir müddət əvvəl Agentlikdən bildirilmişdi ki, Qanunun 78.3-cü bəndə əsasən, fəaliyyətdə olan KİV-lər Reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. Habelə əlavə edilmişdi ki, onlara rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndiriləcək.

İndi isə Media Reyestrində qeydiyyat üçün müraciət edən, amma imtina almış bəzi saytların rəhbərləri hesab edir ki, həmin cavab obyektiv deyil.

“Sıradan çıxarmaq məqsədi daşıyır”

Onlardan 24saat.org saytının rəhbəri Vüqar Qurdqanlı düşünür ki, imtinanın səbəbi saytın fəaliyyəti ilə bağlı deyil, sadəcə bəzi media resurslarını sıradan çıxarmaq məqsədi daşıyır: “Bizim saytımız bütün kriteriyalara uyğundur. Saytın iki domeni var – 24saat.org və az.24saat.org. Bizim 24saat.org domenimiz heç bir məhkəmə qərarı olmasa da, Azərbaycanda bloklanıb. Ona görə də oxucular saytımızı oxuya bilsin deyə, az.24saat.org domenini işə qoşmuşuq”.

Sayt rəhbəri deyir ki, ilk dəfə qeydiyyat üçün müraciət edəndə müraciət baxılmamış saxlanılıb və baxılma müddəti ötürülüb: “İkinci dəfə hər iki domen üçün müraciət edəndə isə bildirildi ki, saytın davamlılığı yoxdur”.

Lakin, onun sözlərinə görə, müraciət etdiyi dövrdə sayta qoyulan xəbərlər çox idi: “Sayt beş dildə fəaliyyət göstərir – Azərbaycan, türk, rus, ingilis və alman dillərində. Misal üçün, yalnız 1-5 sentyabr dövründə 865 yazı dərc olunub, Google Analytics-in göstəricilərinə görə isə, həmin tarixlərdə gündəlik sayta giriş 10-15 mindir”.

“Qərarı məhkəmədə mübahisələndirəcəyik”

Saytın rəhbəri hesab edir ki, onlara imtina verilməsinin səbəbi başqadır: “Bu o deməkdir ki, hansı saytları ki, özləri məsləhət bilirlər, onları qeydiyyata alırlar, hansıları məsləhət bilmirlərsə, onları qeydiyyata almayıb sıradan çıxarmaq niyyətləri var. Biz bu qərarı məhkəmədə nübahisələndirəcəyik”.

X.Ağalıyev
X.Ağalıyev

Media hüququ üzrə ekspert Xalid Ağalıyev isə AzadlıqRadiosuna bildirib ki, məsələyə bir neçə aspektdən yanaşmanı doğru sayır: “Birincisi, qanunla müəyyən edilmiş tənzimləmələr həmin qanun qəbul edildikdən sonra təsis olunmuş medialara şamil edilməlidir. Qanun qəbul edilənə qədər mövcud olan medialar əgər istəyirlərsə, avtomatik Reyestrə daxil olunmalıdır. Bu, Konstitusiyanın tələbidir. Bu aspektdən yanaşanda hazırda tətbiq edilən tənzimləmələr Konstitusiyaya uyğun deyil”.

“Pis qanuna uyğun, azadlığa müdaxilə”

X.Ağalıyevə görə, məsələyə dar, hərfi çərçivədə, “Media haqqında” Qanunun işığında yanaşdıqda Reyestrə daxil edilməkdən imtina qanunidir: “Qanun Reyestrə daxil olmaq üçün şərtlər müəyyən edib. Həmin şərtlərdən biri fəaliyyətin davamlı olmasıdır. Bu, o deməkdir ki, Reyestrə daxil olmaq istəyən media hər həftə azı 100 material yaymalıdır. Başqa medialardan istinadla yayılanlar, agentliklərin məlumatları, rəsmi press-relizlər bu 100 material sırasına daxil edilmir. Bu, qanuni müdaxilədir, ancaq pis, keyfiyyətsiz qanuna uyğun olan, redaksiya siyasətinə, azadlığına müdaxilədir”.

Azadlıq radiosu