Dövlət Əmək Müfəttişliyi iri müəssisələrdən 20 min rüşvət alırdı

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun işi üzrə budəfəki məhkəmə iclasında iddia olunub ki, nazirlikdə hətta qəzet pulu da yığılırmış. Bu haqda nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyinin Ucar rayon şöbəsinə rəhbərlik etmiş Elçin Əliyev noyabrın 14-də məhkəmədə danışıb.

Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

“Bizə göstəriş verilirdi, biz də abunə olurduq”

Hazırda da Dövlət Əmək Müfəttişliyinin regional şöbəsinin rəisi işlədiyini deyən Elçin Əliyevin sözlərinə görə, işlədiyi dövrdə 120-130 yoxlama keçirib. Bunun da təxminən 80 faizində cərimə yazıb. O, Dövlət Əmək Müfəttişliyinin sədr müavini Anar Quliyevin sürücüsünə il yarım ərzində 800 manat qəzet pulu verdiyini deyib: “Bizə göstəriş verilirdi, biz də abunə olurduq. Qəzet pulunu – 800 manatı birdəfəlik yox, hissə-hissə vermişəm. Sürücü vasitəsilə göndərmişəm”.

Əliyevin istintaqa ifadəsi elan olunanda məlum olub ki, o, qəzet pulunu yoxlamalar zamanı aldığı pullar hesabına verdiyini söyləyib. Amma məhkəmədə yoxlamalardan pul aldığını təsdiqləməyib. Deyib ki, qəzet pulunu öz maaşından verirdi.

Azadlıq radiosu