Deputatları uşaq pulu yox, ezamiyyət pulu narahat edir

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Gələn ilin büdcəsində Milli Məclisin ezamiyyə xərclərinə 22 milyon manat vəsait nəzərdə tutulur. Ammə deputatlar narazılıq edirlər ki, bu azdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında məhz ümdə məsələ kimi bundan söhbət gedib. Uşaq pulu verilməsindən yox, imkansızlıq ucbatından 50 nəfər qazinin özünü intihar etməsindən yox, tibbi sığortanın işləməməsindən yox, təyyarə qiymətlərinin təyyarə kimi havaya qalxmasından yox, işsizlərə müavinət veriməməsindən yox, məhz ezamiyyə xərclərinin artırılması uğrunda ölüm-dirim savaşı gedir.

Hələ mən Məclisdə olanda bu ezamiyyə xərclərinin artırılması müzakirə ediləndə dedim ki, ilk növbədə millətin dolanşıq imkanların, sosial xərcləri artırmaq lazımdır. Deputatın öz xərclərini artırmaq uğrunda yaxa yırtması yaxşı hal deyil. Amma artırdılar. Bir dəfə hökumət xaricdən ekspertlər çağırıb öz “politoloqlarının” səviyyəsini dəyərləndirmək istəyirdi. Ekspertlərin əksəriyyəti onların yarısı haqqında dedilər ki, bunlar danışmasalar hökumətə xeyir olar. Deputatlar da belə. Onların yarıdan çoxu ezamiyyətə getməsə ölkəyə xeyir olar, xərclər də aşağı düşər. Bir dəfə beynəlxalq bir tədbirdə Qərbliləri ermənipərəstlikdə qınamaq üçün deputatlardan biri dedi ki, siz yardımı da bizə erməni adı qoyduğunuz “Qrant”ın adı ilə verirsiniz. Xaricə ezam edilən bu dilsiz-ağızsız deputatların çoxunun işi-gücü Avropanın parklarında Heydər Əliyevin heykəl və büstləri üçün yer gözaltı etməkdir.

Dil bilməyən, deyiləni anlamayan, danışa bilməyən deputat ezamiyyətə getsə nə olacaq, getməsə nə olacaq. İştirak etdikləri zallarda qoyulmuş büstlər onlardan daha canlı, daha diridir.
İkincisi deputat niyə biznesklasda ezamiyyətə getməlidir? Mən bir dəfə xahiş etdim ki, mənə ekonomklasa bilet versinlər. Dedilər olmaz Milli Məclis xətti ilə uçan hər kəs biznesklasda uçmalıdır. Əgər demutat özünü xalqın elçisi sayırsa, niyə xalqın içində oturmur? Bütün Milli Məclis biznesklasla ezamiyyətə getməklə Cahangir Əsgərova işləyir. AZAL-da borcun içində batır.

Ən nəhayət, Milli Məclisin ezamiyə xərclərində hesabatlılıq və şəffaflıq yoxdur. Məsələn deputlara Maliyyə Nazirliyinin müəyyən etdiyi ən yüksək ezamiyə xərcləri cədvəli üzrə Hotel və günlük xərclər verilir (deyəsən indi bütün məmurlara tətbiq edilir bu), amma həmin xərclərin istifadə edilməsi barədə hesabat tələb edilmir. Əlbəttə mənəvi dəyərlərin işlədiyi yerlərdə bu bəlkə də yaxşıdır, amma?!