Böyük ustad-müəllim Bodriyar “Simulyatorlar və simulyasiya” kitabında belə bir şey nəql edir. Deyir ki, simvollar (simulyatorlar, obrazlar) bəzən elə bir öldürücü gücə çevirilir ki, təmsil, təcəssüm etdiyi şey nədirsə onu belə yox edir. Zaman keçir insanlar simvolun arxasındakı mənanı, ideyanı, şeyi unudur ikiəlli sadəcə simvoldan, obrazdan yapışır və beləliklə simulyasiya qurbanı olur. Qəliz oldu, indi xırdalamağa çalışıram.
Kitabında o bir tarixi ekskurs edir. Bildirir ki, Bizans xristianları arasında 7, 8-ci əsrdə ikonoklas adlanan bir qrup peyda olur. Bu adamların işi gücü ikonaları (xristian müqəddəslərinin təsvirləri) harda gördülər, amansızlıqla qırıb dağıdırmaq imiş. Onlar cahil, barbar olduqlarından belə etmirmişlər, tam əksinə. Bodriyar yazır ki, bu adamların ikonalara müharibə etmələrə səbəb o idi ki, xristianlar İsanı, Allahı unutmuşdular, onlar barədə fikirləşmirdilər. Allah, İsa deyəndə hamı hanısa bəyəndiyi ikonanı ağlından keçirir, təsəvvüründə canlandırırmış. İş o yerə çatıb ki, Allahın, İsanın ümumiyyətlə olub-olmaması onları düşündürən mövzu kimi ortadan qalxıb. Bu isə ikonoklaslatı hiddətləndirirmiş.
İndi gələk Şuşaya.
Şuşa hər bir Azərbaycanlı üçün əzizdir, vazkeçilməzdir, bu barədə müştərək fikirdəyik. Lakin, sizə belə gəlmir ki, Şuşanın ifrat simvollaşması həm də bizim dünənki alayarımçıq sülh müqaviləsini cəmiyyətimizə qəbul etdirmək üçün ciddi bir əsas təşkil etdi?
Şuşa bir simvol kimi o qədər qabardı, o qədər nəhəngləşdi ki, çox vacib Qarabağ problemini ört-basdır etdi. O mənada ki, biz şüuraltı olaraq, “Şuşa bizdədirsə hər şey həllini tapar” kimi fikirlə uzun illərdir özümüzü sazlamışdıq. Şuşa simvol kimi o qədər əzəmətlidir ki, onun cari anda əsas olaraq nəyi təcəssüm etdiyini unutmuş kimiyik. Əzici bir güc!
Bəli, Şuşa mədəniyyət mərkəzidir deyirik. Lakin, bu mədəniyyət Şuşanın dağından, suyundan, bol oksigenindən törəməyib ki. Sadə elmi səbəb var. Şuşa şəhər mərkəzi olub, məktəbləri olub. İnsanlar, sənətkarlar da məhz bunun sayəsində yetişib. Valehedici təbiət filan kimi söhbətlər, inciməyin, şairanə deyilən təməlsiz şeylərdir. Sizi inandırım, Afrikada, Latin Amerikasında, Uzaq Asiyada Şuşa kimi o qədər coğrafi baxımdan gözəl yerlər var ki, heç ortaya bir pinəçi də çıxarmayıblar.
Şuşa mütləq işğaldan azad edilməli idi. Alındı. Amma biz xoşagəlməz formada rahatladıq, yox?! Sanki, işimiz qurtardı. Halbuki, Şuşa ona görə simvollaşmışdı ki, o bizim üçün itirilən, qəsb edilən torpaqların rəmzi idi. Rəmz gəldi, təmsil etdiyi yerlər isə qaldı. Bunu insanlara, hətta ən doğma dostlarıma izah etməkdə acizəm. Buna görə də olduqca məyusam.
Bir nümunə verim, bəlkə bu dolaşıq mövzunu izah etməyə az da olsa müvəffəq oldum. Xüsusən, 80-90-ci illərin müxalif insanları üçün “Azadlıq” meydanı güclü bir inkona, simvola dönmüşdü. Bizə həmişə elə gəlirdi (gəlir bəlkə də) “Azadlıq” meydanında bircə mitinqə icazə verilsə, insanlar ora girib bir dəfə uca səslə “İstefa” qışqırsa rejim gedəcək. Halbuki, bu belə deyil.
Necə ki, 2003-cü ildə bir qrup cəsur, qorxmaz adam meydana girdi, hətta əyilib o asfaltı öpdü, lakin, bircə saat sonra o adamları “Bandotdel”də qana bulayıb həbsə göndərdilər.
Natiq Güləhmədoğlu