Oyuncaq dövlətçilik!

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu

Fikir vermisinizmi, müxalifətə qarşı çoxsaylı əsassız və gülünc ittihamlardan biri də, guya ki, onun dövlətçiliyin əlehinə olmasıdır. Müxalifət mövqeyini dəyişib İlham Əliyevə satılanların da gülünc və əsassız bəhanələri “dövlətçiliyin yanında olmaq”dır. Həqiqətdə isə, Azərbaycan dövlətçiliyinin ən qatı düşməni İlham Əliyevdir. Dövləti məhv edib, yerində Putinin marionetkası olan bir külfət hakimiyyəti qurub. Bunun belə olduğunu həyatımızın onlarla sahəsinin timsalında sübut edə bilərik. Fikir verin, rəsmi olaraq ölkənin quru sərhədləri bağlıdır, amma Türkiyə ilə Naxçıvan arasındakı sərhəddimiz açıqdır. Bu anormallıq dövlətin olmadığının bir subutudur. Həmin sərhəddən ancaq Naxçıvan qeydiyyatında olan Azərbaycan vətəndaşları keçə bilərlər. Bu, dövlət səviyyəsində rəsmi diskriminasiya, ayrı-seçkilikdir və dövlətin olmadığının növbəti sübutudur. Xarici ölkələrdən quru sərhəd qapısından Azərbaycana qayıdan vətəndaşları ölkəyə buraxmamaq tamamilə qanunsuzdur və cinayətdir. Dövlətin ölkəyə gələn vətəndaşının sinəsində itələyib geri qaytarması mümkün deyil, amma külfət hakimiyyəti bunu edir. Onu da deyim ki, hətta Azərbaycan vətəndaşı sərhəddi rəsmi keçid məntəqəsindən kənarda qanunsuz keçərsə, sərhədçilərimizin yenə də onu geri qaytarmağa ixtiyarı yoxdur, o, içəri alınmalı, sonra da sərhəddi qanunsuz keçdiyinə görə sorğulanmalıdır. Azərbaycan sərhəddinin Laçın rayonu ərazisində bağlanması tamamilə məntiqli və qanuni olardı. Amma, külfət hakimiyyətinin başçısı İlham Əliyev sərhədimizin 5 km-lik hissəsini (Laçın dəhlizi) açıq qoyub və düşmənlırimiz hər iki istiqamətə rahatca gedib-gəlirlər. Sərhəddin düşmənin üzünə açıq, öz vətəndaşının üzünə bağlı olması, bu ölkədə dövlətçiliyin olmadığının ən ciddi sübutudur. Rədd olsun külfət hakimiyyəti!