Adının anonim qalmasını istəyən valideyn danışır ki, bir övladını hərbi xidmətdən saxlatdırmaq üçün 2 sot torpağını satmalı olub.
“2021-ci ilin ilk çağırışı zamanı övladıma xəbər gəldi ki, ay sonuna hərbi xidmətə aparılacaq. Uşağımı əsgərlikdən saxlatdırmaq üçün aidiyyəti üzrə yerli idarə ilə əlaqə saxladım. Dedilər, “gələrsən oturub danışarıq”. İdarəyə yaxınlaşanda məni qəbul edən şəxs dedi ki, “pəncəsi düz adı ilə yararsız bileti ala bilərik, ancaq əlinizi cibinizə atmalı olacaqsınız”. Mən razılaşanda isə hərbi həkim komissiyasından bir nəfər ilə danışdı, onun yanına getdim və iki həftə içində məsələni bağladıq”, – valideyn deyir.
6 min manat necə bölüşdürülüb
Azərbaycanın mövcud qanunvericiliyi ilə 18 yaşına çatmış şəxslər hərbi xidmətə müəyyən xəstəliklər olduğu halda getmir. Bu xəstəlikləri Nazirlər Kabineti təsdiqləyərək Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (yazıda bundan sonra “Səfərbərlik xidməti” kimi qeyd olunacaq – red.) verir.
Ölkədə ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçirilir. AzadlıqRadiosunun Səfərbərlik xidmətinin Bakı üzrə altı idarəsindən əldə etdiyi məlumata görə, hər çağırışda yaşı çatanların azı 10 faizi müxtəlif səbəblərdən əsgərliyə getmir.
Övladını əsgərliyə göndərməməkdə qərarlı olduğunu deyən valideyn verdiyi rüşvətin necə bölüşdürülməsindən danışır: “2 sot torpağımı 6 min manata satdım. Onun min manatını komissiya cərrahının qovluğunun arasına qoymaq tapşırıldı. 800 manatı oğluma “hərbi xidmətə yarasızdır” cümləsini yazan digər həkimə verdim. Qalan pulu isə Səfərbərlik xidmətində məni qəbul edən adama verdim. Bir qovluq verdilər, içərisində ağ vərəqlər var idi, ortasına qoyub verdim. Mənə dedilər ki, “get sənə xəbər verəcəyik”. Bir həftə sonra zəng gəldi, yaxınlaşdım və yararsız olması barədə rəsmi sənədi əldə etdim”.
“Rüşvət verərəm…”
Valideyn övladını hərbi xidmətdən yayındırmasını 2020-ci ilin 44 günlük müharibəsindən sonra cəbhədə hələ də gərginliyin qalması ilə izah edir. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Ancaq Ermənistanla sərhəd delimitasiya olunmayıb, sülh sazişi imzalanmayıb. Sonuncu dəfə sentyabrın ortasında sərhəd toqquşmalarında Azərbaycan 80, Ermənistan azı 205 hərbçisinin öldürüldüyünü bildirib.
“Sual edərsiniz ki, “niyə oğlunu əsgər göndərmədin”. Çünki kasıbın balasını müharibədə qabağa verir, varlılar, məmurlar uşaqlarını göndərmir. Vəziyyət gərgin idi, elə indi də sərhəddə yaxşı deyil, buna görə də rüşvət verərəm, övladımı qurban vermərəm”, – valideyn əlavə edib.
Özəlliklə İkinci Qarabağ müharibəsindən sonra sosial şəbəkələrdə müharibə qurbanlarının, əsasən, aztəminatlı ailələrdən olması qızğın müzakirə edilib. Son müharibədən bəri bu sahədə korrupsiyanın gücləndiyi iddiaları səslənir.
Tanışlıq…
2 min manata hərbi xidmətdən möhlət aldığını deyən, kimliyini gizlətmək istəyən şəxs iddia edir ki, dövlət idarələrində tanışı olanlara məbləğdə güzəşt olıunur. O, hərbi komissarlıqda ona deyilən qiymətləri açıqlayır. “Birillik möhlət üçün 2 min, sənədə “məhdud yararlı” yazılması üçün 4 min manat verilməlidir. Komissarlıqda sənədləri götürüb digərlərindən ayırdılar və yoxlanışa getmədim. Yoxlanışın sonuncu gününə kimi deyilən məbləği verməlisən. Pulu verdikdən sonra yanına göndərildiyim həkim artıq xəstəliyimi, diaqnozu bilirdi. Mənə də uyğun diaqnoz yazıldı, həkimə pul vermədim, çünki komissarlıqda ona o pulun çatacağı deyilmişdi. Bundan sonra həmin ili hərbi xidmətə getmədim. Tapşırdılar ki, “həmin sənədi saxla, məhdud yararlısan, beş aydan bir gələrsən yenidən Bakıya yoxlanışa. Yoxlanış zamanı da 300, 500 manat hörmətini eləsən, istədiyin günə kimi sənin hərbi xidmətə getməyin əngəllənəcək””, – 2021-ci ildə hərbi xidmətdən yayınan şəxs deyir.
Qiymətlər artır
2022-ci ilin ilk çağırışı zamanı hərbi xidmətə getməmək üçün rüşvətin məbləği ilə maraqlanan E.Ş. ötən illərlə müqayisədə bu il qiymətlərin od tutub yandığını deyir. Amma o, rüşvət verməyə imkanı çatmadığından ideoloji baxışlarına zidd olsa da, məcburi hərbi xidmətə yollandığını söyləyir.
“Bir ilə kimi ən azı 2-3 min manat, il artdıqca isə minliklərin sayı artırdı. Belə ki, mənim 10 il əsgərlikdən saxlanmaq, yararsız hesab edilməm üçün 20 min manatdan çox xərcim çıxacaqdı. Məcburi hərbi xidmətin əleyhinə olsam da, kasıbçılıqdan o pulu ödəyə bilmədim. Hazırda hərbi xidmətdəyəm. Burada xəstəliyi olub, pulu olmadığı üçün xidmət edənlər var”, – o, bildirib.
İşdən çıxarılma, həbs
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇX) çağırışda rüşvət iddiaları barədə AzadlıqRadiosunun iki həftə öncə göndərdiyi sorğusunu cavabsız qoyub. AzadlıqRadiosu dövlət xidmətinin bu iddialara cavabını dərc etməyə hazırdır.
Cinayət Məcəlləsinə görə, rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətdir. Rüşvət almaya görə vətəndaş 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə; rüşvət verməyə görə isə 8 min manatdan 12 min manatadək miqdarda cərimə və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azadlıq radiosu