Səlim Müslümovun məhkəməsində: “Yoxlama aparıb, rüşvət toplayırdıq, ayda 5 min müdirə verirdik…”

Dövlət Əmək Müfəttişliyinin əməkdaşı etiraf edir ki, müxtəlif təşkilat və müəssisələrdə əmək məsələlərilə bağlı yoxlamalar keçirib, rüşvət alırdılar. Qurumun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentində çalışmış Elxan Səlimov iddia edir ki, rüşvəti toplayıb, Dövlət Əmək Müfəttişliyinə verirdilər. O, pulu təhvil verəndə onlara da müəyyən məbləğ qaytarılırdığını deyib. Səlimov bu barədə noyabrın 5-də keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində danışıb. Dövlət Əmək Müfəttişliyi bu nazirliyin tabeliyindədir.

“Müəssisə sahiblərindən ‘şirinlik’ alırdıq”

Hazırda ev dustaqlığında olan sabiq nazirin işinə 4 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müslümov nazir olduğu dövrdə Elxan Səlimov Hüquqi şəxslərlə iş departamentində baş məsləhətçi işləyib. O deyir ki, paytaxtdakı təşkilat və müəssisələrə gedib, işçilərlə əmək müqaviləsi bağlanıb-bağlanmadığını, onlara əməkhaqqının rəsmi qaydada verilməsi məsələsini və s. yoxlayırdılar.

“Yoxlama zamanı bir sıra nöqsanlar aşkar edirdik. Buna görə müəssisə sahiblərindən ‘şirinlik’ alırdıq. Yığılan pulları da Fuad Əlizadəyə verirdik. Hər dəfə yoxlamaya iki nəfər gedirdik. Hər ay Fuad Əlizadəyə 5 min manat verirdik. O da həmin puldan bizə verirdi”, – məhkəmədə şahid kimi dindirilən Səlimov belə deyib.

Fuad Əlizadə 2005-2014-ci illərdə audit şöbəsinə rəhbərlik edib. Müslümov nazir olduğu dövrdə – 2014-cü ildən 2018-ci ilə qədər isə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

Qarabağ müharibəsi iştirakçıları üçün evlərin tikintisindəki mənimsəmələr…

Keçmiş nazirin məhkəməsində dindirilən başqa şahidlər isə Qarabağ müharibəsinin iştirakçıları üçün evlərin təmir və tikintisində qiymətlərin şişirdilməsi, sənədlərdəki rəqəmlərlə iş müqabilində onlara verilən rəqəmlərin fərqli olması haqda danışıblar. Bir neçə şahid isə onların adına müəssisə açılması və nazirliyin tenderlərində qalib elan olunması haqda ifadə verib. Belə şahidlərdən biri – Lənkəran sakini Balaverdi Ağayev dindiriləndə məlum olub ki, o, heç “tender” sözünün mənasını bilmir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun müxtəlif rayon şöbələrinin rəhbərlərinin adları da bu cinayət işində şahid kimi keçir. Onlar ifadələrində bildirirlər ki, Bakıdan yoxlama gəlirdi, rəhbərlik etdikləri şöbədə nöqsan aşkarlanırdı. Bundan sonra onlardan vəzifədə qalmaları üçün pul tələb edilirdi. Həmin pulu verəndən sonra sadəcə, formal töhmət almaqla canlarını qurtarırdllar.

Zeynəb Xanlarovanın qohumu

2014-2021-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin müdiri olmuş Xalis Həsənov da noyabrın 5-də məhkəmədə bu haqda danışıb. O bildirib ki, yoxlama zamanı şöbədə ortaya çıxan nöqsanların ört-basdır edilməsindən ötrü nazirliyin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşüb, ona 12 min manat pul verib.

Bundan öncə dindirilən keçmiş şöbə müdirləri də Xanlarovun adını çəkiblər. O, növbəti məhkəmə iclasında dindiriləcək.

Məhkəmədə o da məlum olub ki, Nizami Xanlarov Xalq artisti Zeynəb Xanlarovanın qohumudur.

Müslümovun məhkəməsində zaman-zaman nazirlikdə saxta tenderlər, rüşvət və s. hallar haqda ifadələr səslənsə də, keçmiş nazir onların heç birinə cavab vermir. O, ümumiyyətlə, ifadələrə heç bir fikir bildirmir.

Cinayət işinin materiallarında iddia olunur ki, toplanan rüşvət, saxta tenderlər nəticəsində yeyintilər, o cümlədən Qarabağ müharibəsi iştirakçıları üçün evlərin tikintisindəki mənimsəmələr – bu vəsaitlərin əksəriyyəti Müslümova çatıb. Bu üzdən ona 27 milyon manatlıq mənimsəmə və rüşvət ittihamı verilib.

Müslümov məhkəmədə özünü qismən təqsirli bildiyini deyib.

Azadlıq radiosu