AXCP sədri Əli Kərimli
Böyük Britaniya kəşfiyyatı təsdiq edir ki, Rusiya Ukrayna ilə savaşda gündəlik ortalama 40-dan artıq zirehli texnika itirir. Bu o deməkdir ki, Rusiya ayda ortalama 1200 zirehli texnika itirir. Rusiya ordusunun gündəlik canlı itkiləri də son vaxtlar daha da artaraq 500-1000 nəfər arası olur. Belə dəhşətli itkilərə heç “dünyanın 2-ci ordusu” da tab gətirə bilməz. Putin səfərbərlik elan edəndə demişdik ki, Rusiyanın əlavə olaraq 300 minlik ordu səfərbər etməsi müharibədə köklü dəyişiklik yarada bilməyəcək. Tam əksinə, Rusiyanın itkiləri dəfələrlə artacaq. Rusiyanın silah, sursat ehtiyatı və canlı qüvvəsi sürətlə tükənəcək. O zaman proqnozlaşdırdıqlarımız indi baş verir. Rusiya hələlik səfərbər etdiyi 318 min hərbçinin, müdafiə naziri Şoyqunun dediyinə görə, 87 min nəfərini birbaşa savaş bölgəsinə göndərib. Görünü, digər 231 min nəfəri silahlandırmaqda çətinliklər yaşayırlar. Ancaq qarşıdakı aylarda həmin 231 min nəfərin də əksəriyyəti köhnə silahlarla da olsa, silahlandırılıb Ukraynaya qarşı savaşa göndəriləcək. O halda isə Rusiyanın itkiləri daha da artacaq.
Bu tərəfdən də sanksiyalar və müharibə xərcləri Rusiyaya trilyonlarla dollarlıq zərər verib. Böyük 7-lər artıq Rusiya neftinə qiymət həddi qoymağa da razılaşdılar. Rusiya nefti dünya bazar qiymətindən bareli 30-40 dollar ucuz alınacaq ki, Rusiyanın müharibəni maliyyələşdirmək imkanı olmasın.
Ukrayna ilə savaşın 9-cu ayında Rusiyanın gəldiyi nöqtə budur: Nəhəng ölkənin iqtisadiyyatı müflis olur, ordusu dəhşətli itkilər verib tükənir, səfərbər etdiyi əsgərləri kütləvi şəkildə savaşdan imtina edir, beynəlxalq aləmdən təcrid olunub, texnoloji baxımdan o qədər geri qalıb ki, ümidlərini İrandan, Şimali Koreya və Belarusdan silah yardımına bağlayıb. Rusiyaya ümid olub ömürlük hakimiyyət eşqinə düşmüş bütün avtorutar rejimlər üçün də gerisayım başlayıb artıq.