Vilayət Eyvazov çox-çox qəribə nazirdir

İctimai fəal Bəxtiyar Hacıyev

Hazırda DİN-də mənim şikayətimlə 3 cinayət işi açılıb. Biri BŞBPİ-də, ikisi Banditizmdə.

1) Bir qrup şəxs minlərlə virtual ABŞ nömrələri ilə Whatsapp üzərindən bir çox fəalı təhdid, təhqir edirdilər davamlı. DİN deyirdi tapmaq mümkün dəyil, namısımıza and olsun ki, tapmaq mümkün dəyil. Onlardan birinin İP ünvanını tapdım, təkzibedilməz faktla ortaya qoydum. Adamı gətirdilər, telefonlarından mesajlar çıxdı, etiraf elədi ki, bəli, bizə pul verirdilər, biz də edirdik. Cinayət işi açıldı, 1 il 1 ay keçib, adam məsuliyyətə cəlb olunmayıb.

2) DİN-in himayə etdiyi küçə adamının biri mənə hücum etmişdi, müraciət etdim, cinayət işi açıldı, kamera görüntüləri götürüldü. DİN onu cəzalandırmaq əvəzinə zərərçəkən kimi tanıdı, mənim masaya vurduğum 3 A4 kağızı görüntüsünü mətbuatda paylaşdı, təqsirsizlik prezumpsiyamı pozdu, iddia etdi ki, 3 A4 ilə onların himayə etdikləri küçə adamını reanimasiyalıq etmişəm. Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv elədi, o qədər qeyri-peşəkarlıqla onlarla polisdən və adamlarından aldıqları yalan ifadələrlə qurduqları işi üstlərinə qaytardı, 4 aydır DİN yenə işi “araşdırır”. Yenə də öz səviyyələrindəki adamı “zərərçəkən” kimi tanıyırlar, 2 dəqiqəlik kamera görüntüsünə baxmaq əvəzinə hər cür qəribəliklər edirlər ki, yalan ifadə verməklərinin üstü açılmasın.

3) Apreldə maskalı şəxslər tərəfindən oğurlananda Vilayət Eyvazov demişdi ki, bu işin açılması mənim üçün şərəf məsələsidir, bunu qısa zamanda açacam ki, belə namussuz və şərəfsiz hücumu mənim etmədiyimə ictimaiyyət əmin olsun. Amma 6 aydan artıq müddətdir ki, istintaq əlindən gələn hər şeyi edir ki, bu cinayət işi açılmasın.

Vilayət Eyvazovun bir serjantı haqqında Zərdabdan, Yevlaxdan biri sosial şəbəkədə “əclafdır bu polis” yazan kimi Banditizmdən əməliyyatçı heyəti göndərirlər rayona, həmin adamı tutub Bakıya gətirirlər, şərləyərək 30 sutka həbsə atırlar. Amma ictimai fəalları, jurnalistləri, hüquq-müdafiəçilərini və ailə üzvlərini özlərinə aid söyüşlərlə təhqir edən küçə adamlarına “gözün üstə qaşın var” demirlər. Hər dəfə Eyvazovun 3-4 generalı növbə ilə “bu dəfə mənə söz veriblər, daha heç kimi söyməyəcəklər” dedikdən 1 gün sonra həmin adamlar yenə fəalları, jurnalistləri, hüquq müdafiəçilərini, yazarları təhqir ediblər. Eyvazovun generalları o küçə əxlaqsızlarını qorumaq üçün qırmızı-qırmızı ağ yalanlar danışıblar, üstü açılanda da qaçıb gizləniblər.

Normal ölkədə normal bir nazir bu durumda nə edərdi? 3-4 şikayəti araşdırar, ədalətli qərar verər, serjantını söyən adamları həbs etdirdiyi kimi fəalları söyənləri də həbs etdirərdi, məsələ bağlanardı. Amma Eyvazov nə edəcək? Əməliyyat qrupu göndərəcək, onu haqlı olaraq tənqid edəni oğurlatdıracaq, tənqidi sildirəcək. (Bu postu 2-3 saat sonra özüm siləcəm)

Uzun sözün qısası, Hikmət Mirzəyev kimi generallar var ki, uşaqdan böyüyə hamı onu sevir. Bir də Eyvazov kimi generallar var ki, sevilməsi, hörmət edilməsi üçün elə addımlar atır ki, hörmət etmək istəyən də edə bilmir. Əminəm ki, 3 açıq cinayət işini, bir çox digər şikayətləri araşdırmaq əvəzinə bu postu oxuyanda da ancaq və ancaq zərər vuraraq, əzərək, sıxaraq, təhqir etdirərək cavab verməyə çalışacaq.