Xankəndi mitinqinin arxasında Putin durur

AXCP sədri Əli Kərimli

Xankəndində Azərbaycan əleyhinə bu izdihamlı mitinqi kim təşkil edib? Əlbəttə, Putin.
Bu mitinqin sifarişçisi şəxsən Putin, təşkilatçısı isə Putinin rəhbərlik etdiyi Rusiya dövlət orqanlarıdır. Rusiya 10 noyabr 2020- ci ildə “sülhməramlı” adı ilə Qarabağa soxulduğu gündən bu mitinqi hazırlamağa başlayıb. Rusiya əvvəlcə sürətlə Qarabağa 53 min nəfər erməni köçürdü. Sonra Qarabağdakı erməni separatçılarını Ermənistandan ayırıb özünə bağladı. Rus dilini Qarabağdakı qondarma qurumun “2-ci dövlət dili” elan etdirdi. 1960 nəfər adı altında Rusiyanın müxtəlif dövlət qurumları vasitəsilə Qarabağa 7-8 min nəfər rusiyalı (çoxu güc strukturu olmaqla) yerləşdirdi. Qarabağa köçürülmüş erməniləri iqtisadi baxımdan tam olaraq özünə bağladı. Qarabağda ləğv olunmuş qondarma qurumu Rusiyanın dövlət televiziyalarında vaxtaşırı reklam etməklə erməniləri separatizmdən əl çəkməməyə təhrik etdi. Günün birində də görəndə ki, ABŞ və AB birgə səylərilə Azərbaycan və Ermənistanı sülhə gətirir, sülhün şərtlərinə görə də Qarabağ üzərində də Azərbaycanın suverenliyi təmin olunur, Rusiya düyməni basdı, uzun illər ərzində yaratdığı bu resursu işə saldı və bütün dünyaya erməni separatizmini nümayiş etdirdi. Soçi görüşündən 1 gün öncə Azərbaycana da mesaj verdi ki, Qarabağ erməniləri onun ovcunun içindədir. Onları istədiyi havaya oynada bilər. Azərbaycanla Ermənistan arasında sülhə də imkan vermək fikri yoxdur. Çünki bilir ki, regionda sülh olsa, Rusiya ordusu da Qarabağı tərk etməli olacaq.
Bəs Rusiyaya bu imkanları kim yaratdı. Əlbəttə, İlham Əliyev!
Məhz İlham Əliyev həmin işğalçı ordunu Qarabağa qaytarıb. Rusiya dünən Xankəndində partlatdığı bombanı hazırladığı, Qarabağı tam olaraq işğal edib özünə bağladığı bütün zamanlarda da Əliyev hər fürsətdə Rusiya “sülhməramlılarına” minnətdarlıq edib, Rusiyanı bizə müttəfiq kimi sırımağa çalışıb. Bu da gəldiyimiz nəticə.
Rusiya bizə müttəfiq yox, müstəqilliyimizə və ərazi bütövlüyümüzə əsas təhlükədir. Əliyevlərin ailə hakimiyyəti bu millətin inkişafı önündəki əsas mane və ayağımızdakı buxovdur.
Həqiqət bütün çılpaqlığı ilə gözlərimiz önündədir. Onu sadəcə görmək və düşdüyümüz acınacaqlı durumdan çıxmaq üçün iradə nümayiş etdirmək lazımdır.