Sələfinin yoluyla gedən Mingəçevir Teatrının qalmaqallı direktoru işdən çıxarılıb


Nazirlik fəaliyyəti araşdırılan direktor Anar Quliyevin əmək müqaviləsinə xitam verib
Bu yaxınlarda M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev mediaya açıqlamasında teatrda 10-12 nəfər “ölü can”ın olduğunu bildirmişdi. V.Mehrəliyevin iddiasına görə, adı ştat cədvəlində olan bu şəxslər işə çıxmır, onlara yazılan maaşı isə rəhbərlik mənimsəyir.
Rejissorun teatrın canlanması üçün ştatda olub fəaliyyəti olmayan şəxsləri çıxarıb yerinə yeni aktyorlar dəvət etmək təklifinə direktor Anar Quliyevin “Mədəniyyət Nazirliyi, konkret olaraq Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm” deyə cavab verdiyi iddia olunurdu.
Məsələ yetərincə ictimailəşdikdən, bir sıra kütləvi informasiya vasitələrində Mingəçevir Dövlət Dram Teatrında baş verən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar dərc olunduqdan sonra Mədəniyyət Nazirliyi hərəkətə keçib. Məsələni Mədəniyyət Nazirliyi xüsusi nəzarətə götürüb və yerində xidməti araşdırma aparıb. Araşdırma nəticəsində teatrın fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar aşkar edilib və Mədəniyyət Nazirliyinin əmrinə əsasən 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.
Mədəniyyətə və incəsənətə, teatra, ümumiyyətlə, aidiyyəti olmayan Anar Quliyev sələfi, hazırda Ağdaş Regional Mədəniyyət İdarəsinə rəhbərlik edən Səxavət Məmmədovun direktorluğu dönəmində teatrın zirzəmisində açılmış mini-mətbəədə müxtəlif plakat, afişa və s. çapıyla məşğul olub. Görünür, A.Quliyev teatrı idarə etməyi də məhz S.Məmmədovdan öyrənib.
Yeri gəlmişkən, A.Quliyevdən daha “çevik” olan S.Məmmədov da vaxtilə Mingəçevir Dövlət Teatrını şəxsi mülkiyyətinə çevirmişdi. Keçmiş direktor dövlət müəssisəsi olan sənət məbədinin həyətində çayxana, avtodayanacaq, avtoyuma, teatrın zirzəmisində reklam mətbəəsi açmaqla yanaşı, binanın yarısını şəhər mədəniyyət idarəsinə icarəyə vermişdi. Uzun illər Mingəçevirdə toyxanalarda video çəkən, restoran işi ilə məşğul olan, əldə etdiyi qazanc hesabına ictimai-iaşə sahəsində biznesmenə çevrilən, peşəkar teatr, dramaturgiya, aktyor sənəti, rejissor və başqa yaradıcılıq sahələrindən uzaq olmasına baxmayaraq, hansısa yollarla Mingəçevir Dövlət Dram Teatrının direktoru postuna yiyələnən Səxavət Məmmədov bu sənət ocağını şəxsi gəlir mənbəyinə çevirmiş, oranı “sexovşik” təfəkkürü ilə idarə etmişdi.
Maraqlıdır ki, peşəkar teatr mühitindən və ixtisasca bu sahədən uzaq olan S.Məmmədov yuxarıda da vurğuladığımız kimi hazırda Ağdaş Regional Mədəniyyət İdarəsinə rəhbərlik edir.


Azər