Dərd Qarabağ deyil, hakimiyyətdir

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Özünüzə heç sual vermisinizmi ki, niyə büdcəsində beş manat pulu, nizami ordusu, təcrübəli diplomatları, diasporası olmayan Elçibəy 1993-ci ilin 2 aprelində Əliyevlərin 30 illik Baş Qərargah rəisi Nəcməddin Sadıqovun xəyanəti sayəsində işğal edilmiş Kəlbəcər rayonunun işğaldan azad edilməsi üçün cəmi iki ay ərzində beynəlxalq razılaşma əldə edə bildi, amma Əliyevlər 30 il ərzində bu istiqamətdə nəinki bir addım irəliləmədilər, heç buna ciddi cəhd də etmədilər?! 1993-cü ilin iyun ayında hərbi dövlət çevrilişi olmasaydı ayın sonunadək ermənilər Kəlbəcəri qaytaracaqdı. Konkret qrafiklər vardı və bu prosesə ATƏT başçılıq edirdi. Qarabağda yaşayan ermənilər mədəni muxtariyyət üçün yalvarırdılar.

Sonra nə baş verdi? Silahlı hərbi qiyam nəticəsində Heydər Əliyev hakimiyyətə gəldi, faktiki döyüşən ordunu- AXC-nin 33 batalyonunu tərxis etdi və nəticədə müdafiəsiz qalmış Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ermənilərə təslim edildi.

Öncə Lukaşenko, sonra da Putin açıq mətnlə etiraf etdilər ki, Rusiya 5 rayonumuzun azadlığı qarşılığında Yuxarı Qarabağı və ərazisi Yuxarı Qarabağdan da böyük olan Laçın və Kəlbəcər rayonlarını ermənilərə vermək istəyirmiş, ermənilər buna razı olmayıb! İlham Əliyev razı imiş! Hətta ermənilərə əlavə olaraq 5 milyard pulumuzu da verəcəkmiş, xoşbəxtlikdən ermənilər razı olmayıb!

44 günlük savaş bizim üçün Müqəddəs Vətən Savaşı idi. Azərbaycan hakimiyyəti üçünsə Putinin tapşırığı ilə Sorosun uşaqlarını Güney Qafqazdan qovmaq, Paşinyanı cəzalandırmaq cəhdi. Putin nə zaman “irəli get” dedisə getdilər, nə zaman “dur” dedisə, durdular. Çünki dərd Qarabağ deyil, hakimiyyətdir və hakimiyyətin təminatçısı isə Rusiyadır.

Hər şey yenidən başlanır. Yenidən 1988-ci ilə qayıtdıq. Çox heyf. 3000 gəncəcik övladımıza heyf. Bir xalqın ömründən oğurlanmış, yaşaya bilmədiyi 30 ilə heyf.

Və bu hakimiyyətdən sadəlövhcəsinə Qarabağ umanların ümidlərinə, arzularına heyf…