AXCP sədri Əli Kərimli
Əgər mən yazsaydım ki, İlham Əliyev Lukaşenko və Putinin adamıdır, intellektual yaltaqlardan təyin olunmuş deputatlara qədər hamısı özünə əl qatardı ki, siz qərəzlisiz, bu sözlərinizlə bizim dövlət başçısını aşağılayırsız və s.
Ancaq bu sözləri mən yox, artıq Lukaşenko özü deyib. Lukaşenko çox aydın və birmənalı şəkildə deyib: “İlham Əliyev mütləq olaraq bizim adamdır.” Lukaşenko bu sözü Rusiyanın KTMT -sindən danışarkən dediyinə görə başa düşmək çətin deyil ki, biz deyəndə özünü və Putini nəzərdə tutub.
Beləliklə, Lukaşenko sirləri açdı və bütün dünyaya bəyan etdi ki, İlham Əliyev onların (Lukaşenko və Putinin) adamıdır. Bəs siz İlham Əliyevin, hətta sözçülərinin hansısa etirazına, təkzibinə rast gəldinizmi? Təbii ki, rast gəlmədiniz.
Zatən İlham Əliyevin etirazına səbəb olacağını düşünsəydi Lukaşenko belə bir açıqlama heç verməzdi də.
Nəinki Lukaşenko, Putin özü də İlham Əliyevin sədaqətinə tam arxayındır. Əks təqdirdə Azərbaycanın dövlət maraqlarına uyğun olan Qarabağ üzrə “Vaşinqton planını” bütün dünyanın gözləri qarşısında pozmağa çalışmazdı. İlham Əliyevin ona etiraz edə biləcəyini ehtimal etsəydi, Putin Ermənistanı Qarabağa status tələb etməyə təhrik etməzdi.
Putinin hüzurunda Makron haqqında sərt danışmağa nə var ki? Qərb liderləri tənqidə dözümlüdürlər. Dövlət başçısı vəzifəsini üzərinə götürmüş şəxs istənilən anti -Azərbaycan təşəbbüsü rədd etməyə qorxmamalıdır. O təşəbbüsün Putindən və ya bir başqasından gəlməsindən asılı olmayaraq.
Son illərdə həqiqətlər heç vaxt belə aydın görünməmişdi. İndi hər şey çox aydın görünür.
Hamımızın gözləri önündə rejimin təbliğat aparatı Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin olunmasına çalışan Qərbi (ABŞ və AB) “yıxıb-sürüməkdə” davam edir. Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin olunmasına bütün gücü ilə mane olan Putinin anti – Azərbaycan çıxış və fəaliyyətlərini isə səssizcə həzm edir. Aydın deyilmi ki, İlham Əliyev və hakimiyyəti üçün əsas prioritet dövlətin milli maraqları yox, şəxsi hakimiyyət maraqlarıdır?