Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini onlar üçün əlverişli olan istənilən formatda görüşməyə çağırır.
Bu barədə oktyabrın 26-da Vaşinqtonda brifinq zamanı Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel danışıb.
“Dövlət katibi Entoni Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına sadiqdir və biz hər iki lideri onlar üçün əlverişli formatda görüşməyə çağırdıq”, – Patel oktyabrın 31-də Soçidə Vladimir Putinin iştirakı ilə keçiriləcək Əliyev-Paşinyan görüşü ilə bağlı “Turan”ın müxbirinin sualının cavabında deyib.
“Bizim nöqteyi-nəzərimiz ondan ibarətdir ki, birbaşa dialoq bu məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”, – o qeyd edib.
Üçtərəfli görüş oktyabrın 31-nə gözlənilir
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçiyə gedəcək. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan AzadlıqRadiosunun erməni xidmətinin Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb-görüşməyəcəyi haqda sualına “Bəli, görüşəcək”, deyə cavab verib.
Azadlıq radiosu