“Hekayələrdir geriyə qalan…”


Həyat bir yolçuluqdur. Yaşanan yolun böyük bir kəsiyini qət edəndən sonra insan istər-istəməz dönüb geriyə boylanır. Qaçdı-tutdu oynadığı uşaqlıq illərində ikidə bir yıxılıb dizlərini qanatdığı zamandan, altmışlardan sonra ürəyini qanadan xatirələrə qədər hər şey kino lenti kimi gəlib keçir gözlərinin önündən. Nələr doğru yaşanıb, nələrin günahları boynuna yüklənib, nələr qürurlandırır, nələr utandırır… Nələrə gülümsəyib, nələrə doluxsunursan. Nələri bacardın, nələr yarımçıq qaldı… Uzun illərin yaşantılarından, gördüklərindən, etdiklərindən heybəndə nələr gətirə bildin ömrün yetkin çağına? Xəyal etdiyin həyat hekayəni ürəyindən keçən şəkildə yaza bildinmi? Çünki “Keçər gedər hər kəs, Hekayələrdir geriyə qalan…” deyir şair…
Çingiz Sultansoyun 70 illik həyat hekayəsindən geriyə o qədər şey qalıb ki, hardan başlayıb, harda bitirəcəyimə qərar verməkdə çətinlik çəkirəm. Əslində, ona bu yaşı vermək də adama bir az qəribə gəlir. Mənə elə gəlir ki, o bizim yaradıcılığımıza qanad verən “Gənclik” jurnalında necə gənclik ruhunda yazırdısa, eləcə gənc olaraq qalır. Amma Çingiz bəy “Gəncliy”ə qədər də böyük yol keçmişdi axı. Gənc qələmlərin senzuralı qapılardan geri qaytarıldığı illərdə yazdığı “zərərli” hekayələrin bir çoxu sandıqda qalmışdı. Onlardan neçəsini nəşr etdirməyə müvəffəq olmuşdusa, tənqidçilərdən yaxşı rəylər almışdı. Təbii, o illər ədəbi mühitdə yer alıb yola çıxmaq asan iş deyildi, hələ bir də yazdıqlarından azacıq azadlıq havası əsdiyini hiss etsəydilər…
Əminəm ki, senzurasız dövrdə Çingiz bəy gündəlik məişət problemlərindən azad bir qələm sahibi kimi bədii yaradıcılıqla məşğul olsaydı, ədəbiyyatın ən parlaq qələmlərindən biri olardı. Amma o da bizim nəslin yaşadığı məhrumiyyətli, yalansız və vicdanlı həyatı seçdiyi üçün özünü yaradıcılığa həsr edə bilmədi. Təəssüflənməyə dəyərmi? Məncə, yox. Çünki o bu parlaq imzanı Azərbaycan jurnalistikasında qazanmağı bacardı. “Azərbaycan gəncləri”ndən “Gənclik” jurnalına, “Azadlıq” qəzetinə, “Azadlıq” radiosuna qədər böyük və şərəfli bir yol keçdi. Azərbaycan mətbuatında özündən deyən onlarla mahir qələm sahibinin dizə gətirildiyi ağır repressiya dövründə qələminə heç vaxt xəyanət etmədi. Bu illərdə tarixə böyük material verən peşəkar araşdırma yazıları yazdı, öz müasirləri arasında elə bir imza qoydu ki, o imza ilə hər zaman qürurlana bilər. Vaxt gələcək ki, bizim hamımıza ustad dərsi olan o yazıların hər biri tarixin qaranlıq səhifələrinin aydınlanması üçün bir işıqucu olacaq…
Çingiz bəyin ən çox heyrətləndirən cəhəti mütaliə dairəsinin insanda heyranlıq doğuran zənginliyidir. Hərdən mənə elə gəlir ki, bu riyaziyyatçı jurnalistin dünya ədəbiyyatında yer alan bütün imzalardan xəbəri var. O bu ölkənin böyük intellektuallarından biridir. Xaricə beyin köçü yaşanan bu istibdad dövründə ölkədə onun kimi insanların boşluğu hələ qarşıdakı tarixlərdə bilinəcək. Yaxşı ki, son zamanlar vaxt tapıb “yaddaş kitabında” gəzdirdiyi hekayələri yazmağa başlayıb. Sevinirik və əsl insan kimi yaşadığı bu enişli-yoxuşlu həyat yolundakı gerçək həyat hadisələrinin də kitab şəklini gözləyirik! Uzun illər məşğul olduğu yoqanın fəlsəfəsi yaşla bağlı nə deyir, bilmirəm. Amma onun peşəkar üzgüçü kimi dost olduğu dənizlərin hekayəsi deyir ki, gəmilərin yolçuluğu heç vaxt bitməyəcək! Dünya var olduqca, dalğaların qasırğasına, fırtınasına baxmayaraq, o gəmilər üzəcək! Çingiz bəy ömür yolçuluğunda həyatın o qasırğalarından da uğurla keçib, Xəzərin fırtınalı dalğalarından da! Bəlkə, o dalğalara təslim olmadan çox uzaqlara üzməsinin də bir anlamı var. Bəlkə, bu da böyük həyat hekayəsini yazmağa vaxt qazandıran bir tale yolçuluğudur elə! Çünki “Keçər gedər hər kəs, Hekayələrdir geriyə qalan…”

P.S. Bu şeir çoxdan yazılıb, bütün mübarizə dostlarımıza ithaf olaraq. Bu gün “sürgündə” olan Çingiz bəyin yubileyi ilə səsləşdiyi üçün elə ona da ithaf olunmuş sayılır!

Bir acı sürgündəyəm,
yollar uzaqda, dostum.
şəhərlər talan olmuş,
krallar saxta, dostum.

Pusqulara salındıq
bir savaş meydanında,
bir-bir asarlar bizi
kəndin baş meydanında.

Yağar yanğın oxları
içimdə külü çıxar,
bu dava and davası,
kim sağ, kim ölü çıxar.

Bir acı sürgündəyəm
könlüm davada, dostum,
nə bu savaş bitər, gəl,
nə də bu sevda, dostum.

Səadət Cahangir