Media redaktorumuz 100 illiyini qeyd edən BBC-nin həll etməli olduğu problemlərdən yazıb.
Böyük ədəbi əsərlər kimi, böyük qurumlar da dövrün qorxularından doğan ekzistensial narahatlıqlardan yaranır. BBC şair Thomas Eliotun “Bəhrəsiz torpaq” (“The Waste Land’) əsəriylə eyni vaxtda – 1922-ci ildə ərsəyə gəlib.
BBC-nin ilk baş direktoru – Birinci dünya müharibəsində üzündən yaralanmış Lord Reith milli maraqları dərindən hiss edən biriydi.
Bu şotlandiyalı mühəndis müharibənin dağıtdığı ölkənin bərpasında qabaqcıl texnologiyadan istifadə etmək istəyirdi.
İndi ictimai medianın yaradılmasını çox az adam təklif edir.
Bu tip KİV-ləri bəzilərinin vergi hesab etdiyi lisenziya haqlarıyla maliyyələşdirənlərin sayı isə daha azdır.
Buna baxmayaraq onlar Kraliça II Elizabeth-in dəfn mərasimində olduğu kimi, dünya miqyasında canlı yayımlar təşkil edirlər.

BBC bir əsrdir ki, milli və beynəlxalq səviyyəli bütün mühüm məqamlarda Britaniyanın yanındadır.
Churchill-in müharibə dövründəki çıxışı, kraliça II Elizabeth-ın tacqoyma mərasimi, 1966-cı ildəki Dünya Kuboku, Aya ilk insanın ayaq basması, Berlin divarının uçurulması, Ed Balls-un “Gangnam Style” mahnısını ifa etməsi – Britaniyada xeyli sayda insan bunları BBC-nin yayımından izləyib.
Ancaq ölkədə hamını bir araya gətirmək indi həmişəkindən daha çətindir. Bunun bir səbəbi ölkənin dəyişməsidirsə, başlıca səbəb medianın dəyişməsidir.
100 ildir ki, BBC insanlarla ünsiyyət qurmaq üçün qabaqcıl texnologiyadan istifadə edir.
Radionun yarandığı vaxt fəaliyyətə başlayıb, ilk televiziyanı qurub.
Amma bir sıra texnoloji inqilablar – internet, smartfonlar və sosial media BBC-nin mədəniyyətimizdəki yerini geridönülməz şəkildə zəiflədib.
Həmin inqilablar BBC-nin bu gün üzləşdiyi əsas problemlərlə əlaqəlidir. Bu məqalədə onlardan beşindən bəhs edəcəyik.
İnam
İnam çətin qazanılır, amma çox asan itirilir.
BBC-nin əməkdaşı Jimmy Savile haqqnda cinsi təcavüz iddiaları və Martin Bashir-in şahzadə Diana ilə müsahibəsi kimi qalmaqallar ictimaiyyətin BBC-yə olan inamını sarsıtdı.
İndiki dezinformasiya dövründə isə…
Yalanların həqiqətdən qat-qat tez yayıldığı bir dünyada həqiqətin müqəddəsliyinə inam azalıb.
Sosial media jurnalistika üçün əsl fəlakət oldu.
Bu, dəqiq məlumat üçün vaxt, pul və əmək sərf edən bəzi jurnalistlər üçün bir fürsəti idi (məntiqlə sərf etməyən olmalıdır, orijinala baxın).
Amma dürüstlükdən yayınmaq BBC üçün təhlükəlidir. İnsanlar etibar etmədikləri bir şeyə pul xərcləməyəcəklər.
Büdcə
Dəyərləri yüzlərlə milyard olan “Netflix” və “Disney” kimi rəqiblər resursu təxminən 5 milyard funt sterlinq olan BBC-ni sıxışdırır.
BBC onların “menyüsunda” olmayan işlərlə – xəbər istehsalı və radio yayınıyla məşğul olmalı, eyni zamanda davamlı siyasi təzyiqlərə duruş gətirməlidir.
Yayım xidmətləri isə kadr və proqram xərclərini artırıb. Nəticə etibarilə BBC öz məhdud büdcəsini başqalarının edə bilmədiyi şeylərə xərcləməli olur.
Gənclər üçün maraqlı olmaq

Britaniyada 16-24 yaş arası gənclər “TikTok”a daha çox maraq göstərirlər.
Onların televiziya kanallarına baxmaq üçün sərf etdikləri vaxt son on ildə üçdə iki dəfə azalıb.
BBC-nin ən böyük kabusu buna əhəmiyyət verməməkdir.
Ən populyar proqramlarını başqa kanallara uduzur. Ancaq bunun bir limiti var.
BBC önəmli məqamlardakı əvəzolunmazlığını qoruyub saxlamalıdır. Hələ ki bunu bacarır.
Ancaq yol “TikTok” videoları, “Netflix” dollarları və “Spotify” pleylistlərindən “atılan” daşlarla doludur.
Qlobal səviyyədə izlənmə
Bununla əlaqəli, amma fərqli bir məsələ də qloballıqdır. Lisenziya haqlarını saxlamaq üçün BBC hər kəsə maraqlı olmalı, ya da mümkün qədər çox insanın diqdəqitini özünə cəlb etməlidir.
Buna görə də Baş direktor Tim Davie BBC-nin kövrək reputasiyasını bərpa etməyə üstünlük verir.
Britaniya kimi rəqəmsal, multikultural və ayrılmış bir ölkədə hamı üçün maraqlı olmaq son dərəcə çətindir.
Tənqidçilər bunu “İmperator ambisiyası” adlandırsalar da, BBC müxtəlif nəsillərə, müxtəlif coğrafiyalara və müxtəlif cinsi oriyentasiyalara xitab etməlidir.

Siyasət
BBC indiyə qədərki bütün hökumətləri hirsləndirib.
Bu gün daha iki vacib məsələ var.
Birincisi, hökumətin düşmənçiliyi daha qəddardır, bunda sosial media və mədəniyyət savaşlarının da payı var.
İkincisi, BBC-nin ən qatı düşmənləri lisenziya haqqının artıq məqsədə xidmət etmədiyini söyləyərək, özlərinin haqlı olduqlarını sübut etmək üçün canlı yayım inqilabından istifadə edə bilərlər.
Əslində, bu, ideoloji söhbətdir, texnologiyaya işarə etsə də…
Bütün bunlar BBC-nin mövcudluğuna təhlükə yarada bilər.
Qurumun hazırkı maliyyə strukturunun sonrakı illərdə də duruş gətirə biləcəyini yalnız çox cəsur adamlar iddia edə bilərlər.
Ancaq son həftələrin təcrübəsi göstərdi ki, faydalı şeylər təqdir olunur.
Rəhbərlik nələrisə dəyişmək niyyətindədir.
Hansısa mənada kiçilmiş olsa belə, BBC insanları öz məhsullarına pul ödəməyə inandırmaq üçün qabaqcıl texnologiyadan istifadə etməlidir.
Mənim ən böyük ümidim kanalın qurucusu Lord Reith-in 1922-ci ildəki mövqeyilə eynidir: BBC-nin gələcəyini çoxluq yox, keyfiyyət müəyyən edəcək.
Bbc