Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Putinin “dahi strateq” olduğunu bilirdik. Məhz bu “dahi strategiya” ilə özünü və Rusiyanı nə duruma düşürdüyü ortadadır.
Təəssüf ki, İlham Əliyev də uğursuz müttəfiqinin yolunu getməyi seçdi və… bugünkü gərgin durumla üz-üzə qaldıq.
Sentyabr ayında yaşanmış sərhəd insidentinin dövlətimizin beynəlxalq imicinə, maraqlarına nə qədər ciddi zərbə vurduğunu hamı, hətta İlham Əliyev özü də anlayıb, yəqin. 80 balamızı şəhid verdik, 300 övladımız qazi oldu. Nə qazandıq?
-BMT Təhlükəsizlik Şurasında ölkəmiz yekdilliklə qınanıldı, hətta Hindistan kimi nüfuzlu bir ölkənin təmsilçisi tərəfindən işğalçı adlandırıldıq.
-ABŞ-ın üçüncü şəxsi Nensi Pelosi Irəvana gəlib ermənilərə açıq dəstək ifadə etdi, demokratik Ermənistanı avtoritarızmin (yəni, Azərbaycan və Rusiyanın) təhdidlərindən qoruyacağını dedi.
- Avropa Parlamentində dinləmələrdə hətta yeni qaz müqaviləsindən dolayı ölkəmizi müdafiə edən Avropa Birliyinin xarici siyasət rəhbəri Cozef Borrel belə bizi işğalçılıqda suçladı.
-AŞPA dinləmələrində də eynilə BMT və Avropa Parlamentində olduğu kimi təkləndik, işğalçılıqda ittiham olunduq, aqressor adlandırıldıq.
Bu təşkilatlar bizə münasibətdə haqsızlıq edirlər, buna etirazım yoxdur. Ən azından 30 il erməni işğalına susanların indi kiçik sərhəd insidentinə belə sərt reaksiya vermələri ədalətli görünmür. Ancaq bu siyasətdir, cinayət istintaqı deyil ki, min bir əziyyət hesabına həqiqəti üzə çıxarmaq prokurorun, məhkəmənin görəvi olsun. Sən özünü necə təqdim edirsənsə, dünya səni elə qəbul edir.
Bəs biz özümüzü necə təqdim etmişik?
-Xarici siyasətimiz bərbad, təşəbbüskarlıq boğulur, çünki ölkədə hər şeyi necə və nə vaxt etməyi bir adam bilir,
- “Kürü diplomatiyası” sayəsində Avropada Azərbaycan deputatlarına və diplomatlarına salam verməkdən qorxurlar.
-diaspor işimiz uzun illər ərzində Heydər Əliyevə heykəl qoymaqdan, dolmanı və şəkərburanı təbliğ etməkdən və xarici ölkələrdəki diaspor təşkilatları arasında təfriqə yaratmaqdan ibarət olub.
-son zamanların yeniliyi olan “WC diplomatiyası”, yəni, mötəbər təşkilatlarda həlledici səsvermələr zamanı qaçıb gizlənmək praktikası ölkəmizi beynəlxalq münasibətlərdə daha da gözdən salıb.
Amma bütün bunlar olmasa belə iki önəmli faktora görə biz ermənilərə bütün müstəvilərdə a priori olaraq uduzuruq:
- Azərbaycanda sərt avtoritar rejim, Ermənistanda isə azad və ədalətli seçkilərlə formalaşmış demokratik hakimiyyət var.
- Azərbaycan bütün dünya ilə savaşda olan təklənmiş Rusiyanın yanındadır, onun oyununu oynayır, Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti isə Avrointeqrasiya kursunun tərəfdarı kimi görünür.
İlham Əliyevin çox güvəndiyi yeni qaz müqaviləsi də onu bu durumdan xilas etmək gücündə deyil və Putin məhz Əliyevlə Qərbin münasibətlərinin çox gərildiyinə arxayın olduğu üçün Azərbaycanla açıq təhdid dili ilə danışmağa başladı. Bir həftəyə yaxındır ki, Rusiyanın dövlət televiziya kanalları “Dağlıq Qarabağ Redpublikası”-nın təqdimatını edir, ölkəmizə meydan oxuyurlar.
İş o yerə çatdı ki, Aztv və İctimai Televiziya Rusiyanı işğalçı adlandırdı, Ukraynaya qarşı təcavüzdə, dinc insanlara qarşı zorakılıqda suçladı. Ölmədik, bu günü də gördük.
Anlaşılan odur ki, hər şeyi necə və nə vaxt etməyi bilən dahi strategiya ölkəmizi bütün dünya ilə qarşıdurma vəziyyətinə gətirib: biz indi həm Rusiya, həm də onunla savaşan demokratik dünya ilə siyasi gərginlik yaşayırıq. Hətta Çin və Hindistan belə bizi qınayır.
Vəziyyətdən çıxış yolu varmı? Əlbəttə, var.
- Azərbaycan hakimiyyəti Ermənistanla sülh danışıqlarını Brüssel formatında davam etdirməli və tez bir zamanda, lakin ölkəmizin doğal və haqlı maraqları çərçivəsində yekunlaşdırmalıdır.
- Azərbaycan beynəlxalq təşkilatlarda Rusiyanı deyil, beynəlxalq hüququ, yəni, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməli, rüsvayçı WC diplomatiyasından imtina etməlidir.
- Təcili qaydada Avropa Birliyi ilə Strateji Tərəfdaşlıq Sazişinin imzalanması üçün gərəkən addımlar atılmalı (sərbəst toplaşmaq azadlığı, siyasi məhbusların azad edilməsi və s.) və bu Saziş ən qısa zamanda imzalanmalıdır.
- Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində yerləşməsinə imkan verən Türkiyə Böyük Millət Məclisində 2020-ci ilin noyabr ayında ratifikasiya olunmuş sənədin analoqu Milli Məclis tərəfindən təsdiq edilməlidir. Hər gün artan İran təhdidləri qarşılığında bu addım çox önəmlidir. Türkiyənin Azərbaycanda hərbi iştirakı təmin edilməlidir.
- Azərbaycan-Ermənistan sərhəddində Avropa Birliyinin mülki müşahidə missiyasının yerləşməsilə o istiqamətdə qarşıdurma risklərinin azaldığını düşünürəm. Rusiya indi təxribatlarını yuxarı Qarabağda, nəzərdə saxladığı bölgədə törətməyə cəhd edəcək. Bunun qarşısını almaq üçün Rusiya-Türkiyə monitorinq missiyasının fəaliyyətini genişləndirmək zərurəti yaranır. 60 nəfər türkiyəli hərbçinin bu ərazidə baş verənləri yetərincə monitorinq etmək imkanı var. Bu imkandan yararlanmaq faydalı olardı.