Aksiyalar tənəzzülə yox, tərəqqiyə səsləyir!

İlham Hüseyn

Hökumət həmişə mitinqləri, aksiyaları gözdən salmaq istəyib. Belə təbliğat aparıblar ki, kütləvi etirazlar ölkədə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq, fəsadlar törətmək üçündür. Amma ana qanunumuzda yazılıb ki, hər kəsin sərbəst toplşamaq, etiraz etmək hüququ var. Əgər diqqət etsək görərik ki, dünyanın ən qabaacıl ölkələrində hər il yüzlərlə aksiyalar keçirilir, insanlar çatışmazlıqları dilə gətirir. Amma Azərbaycanda kök atmış problemlərə etiraz etmək üçün aksiya təyin edəndə, hökumətin canına qızışma düşür.
Dəyərli xalq, aksiyalar ölkəni tənəzzülə sürükləmək üçün deyil, tərəqqiyə qovuşdurmaq üçündür. Kütləvi aksiyalar köləliyə etirazdı, paslandırılmış dəyərlərə nəfəs verməkdi, hökuməti düşünməyə məcbur etməkdi, məsuliyyət hissi yaratmaqdı, xalqın neqativlərə adaptasiyasını əngəlləməkdi.
“Qiymət artımına etiraz edirik” şüarı dövlətçiliyin əleyhinədir? “Korrupsiyaya yox deyirik” şüarı vətənə xəyanətdi? “Azad seçki istəyirik” tələbi təxribat törətməkdi? “Qazi intiharlarına son” tələbi düşməni sevindirməkdi? “Hüququn aliliyi təmin edilsin” tələbi əsayişi pozmaqdı? Əlbəttə ki, yox.
Göründüyü kimi bizim tələblərimiz dövləti gücləndirən, vətəndaşı rifaha aparan tələblərdi. Hökumət həqiqətlərin yüksək səslə deyilməsindən qorxur. Çünki illərdi vətəndaşa yalan danışırlar. Həm də bu hökumət haqlı olsaydı, kiçik bir aksiyadan bu qədər böyük sarsıntı keçirməzdi. Biz illərdi dinc, sivil, qanunun tələblərinə uyğun toplantılar keçiririk. Nə zaman kütləvi dəstək olubsa, hökumət müəyyən addımlar atıb. Yəni, problemlərin həlli ürəyimizdəki narazılıqdan yox, dilimizdəki etiraz nidasından asılıdır. Xalq özünü göstərməyəndə, hökumətlər bütün pis təcrübələri xalqa göstərməyə həvəslənir. Bu dövlət hamımızındır, bu dövlətin sərvəti hamımızındır, Konstitusiyanın tələbi hamımız üçün şamildi.