Əli Kərimlidən Müstəqillik Günü təbriki

AXCP sədri Əli Kərimli

Müstəqillik günümüz mübarək, əziz həmvətənlər!
Azərbaycan Xalq Hərəkatının və keçmiş SSRİ xalqlarının milli mübarizəsi xalqlar həbsxanası olan bu keçmiş ittifaqın süqutunu labüd etdi. 31 il öncə bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etdik. Böyük Rəsulzadənin “bir kərə qalxan bayraq bir daha enməz” vəsiyyətinə uyğun olaraq Rusiya işğalçılarının 70 il öncə ADR parlamenti üzərindən endirdiyi üçrəngli bayrağımızı dövlət bayrağımız olaraq yenidən başımız üzərinə ucaltdıq.

Dövlət müstəqilliyimizin bərpası
xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.
Bu gözəl gündə Azərbaycan Xalq Hərəkatının və onun təşkilati forması olan AXC-nin lideri Əbülfəz Elçibəy başda olmaqla, milli azadlıq hərəkatı veteranlarını hörmətlə anır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik.

Müstəqillik illərində yaşadığımız heç bir çətinlik, məruz qaldığımız heç bir ədalətsizlik dövlət müstəqilliyimizə olan sədaqətimizi sarsıda bilməz. Dövlət müstəqilliyimiz xalqımızın ən böyük sərvətidir. Biz bu sərvətə, güc qaynağımıza arxalanaraq hakimiyyəti xalqımıza qaytara və xalqımızın qarşısındakı bütün problemləri həll edə bilərik və biləcəyik!
Bayramınız mübarək olsun. Allah Azərbaycanı qorusun!