“Yalanın, saxtakarlığın miqyasına və iyrəncliyinə baxın”

AXCP sədri Əli Kərimli

Məlum olur ki, Qarabağı Fransa prezidenti Makron yox, Azərbaycan hakimiyyətinə yaxın mətbuat onun adından “mübahisəli ərazi” elan edibmiş.
Hər dəfə düşünürük ki, daha bu boyda yalan olmaz, ancaq yenə də gebbelssayağı yalanları ilə bizi təəccübləndirirlər. Bir neçə gündür ki, hökumətə yaxın 10-larla media resursu Makronun məlum müsahibəsini şərh edir, onun Qarabağı və Ermənistanın vaxtilə işğal etdiyi digər Azərbaycan torpaqlarını “mübahisəli ərazi” adlandırmasından yazırlar. Ölkəmizdə də fransız dili geniş yayılmadığından insanlar hökumət mətbuatının yazdıqlarına inanmalı olurlar. Cəmiyyət həm də düşünür ki, hökumətin Fransada səfirliyi var, XİN-yi, araşdırma mərkəzləri var. Və onlar yəqin ki, Fransa prezidentinin və beynəlxalq aləmdə tanınan digər ictimai – siyasi xadimlərin çıxışlarını izləyirlər, hökumət mətbuatına da onlar lazımi xəbərləri ötürür.
Azərbaycanlıların əksəriyyəti hakimiyyətin və onun yandaş mətbuatının yalançı, şərçi olduğunu bilirlər. Ona görə də onların ölkənin daxili siyasətilə, müxalifət, vətəndaş cəmiyyətilə bağlı yazdıqlarını ciddiyə alan yoxdur.
Ancaq heç kim təsəvvür etmirdi ki, hökumət məsuliyyət hissini o həddə itirəcək ki, dünyanın böyük dövlətlərindən biri olan Fransanın prezidentinin demədiklərini də onun adına yazacaqlar.

Makron “Franse2” telekanalına müsahibəsində həqiqətən də bəzi yanlış və qərəzli açıqlamalar veribmiş və ötən yazımda mən bu barədə ətraflı yazmışdım. Ancaq fransız dilini bilən dostlar dəqiqləşdirdilər ki, Makron həmin müsahibəsində Qarabağı və Ermənistanın vaxtilə işğal etdiyi digər Azərbaycan torpaqlarını “mübahisəli ərazi” adlandırmayıb. Tam əksinə, Dağlıq Qarabağdan danışarkən onun beynəlxalq aləm tərəfindən tanınmadığını, Azərbaycanın mərkəzində yerləşdiyini və 2020- ci ildəki savaşdan sonra Azərbaycanın həmin ərazini özünə qaytardığını deyib. Makronun müsahibəsinin orijinalı şərh bölümündədir. Qeyd olunan hissə isə müsahibənin təqribən 52- ci dəqiqəsindədir. Fransız dilini bilən həmvətənlər orijinala baxa bilərlər. Yazının şərh bölümünə hökumətə yaxın mətbuatdan da 2 nümunə əlavə edirəm. Əslində hökumətə yaxın 10-larla mətbuat orqanı Makronun Qarabağı “mübahisəli ərazi” adlandırdığını yazıb. Ancaq elə bu 2 nümunə də sübut edir ki, hökumət mətbuatı Makronun müsahibəsini qəsdən saxtalaşdırıb. Dediyi sözlərlə yanaşı demədiyi sözləri də onun adına yazıblar. Həm də bunu çoxlu sayda hökumət mətbuatı etdiyi üçün burada hansısa jurnalistin səhvindən və ya qərəzindən söhbət getmir. Bu yalan materialı onlara prezident aparatı verib. Jurnalistlər yox, birbaşa hakimiyyət özü Makronun adından yalan açıqlama yayıb ki, Azərbaycan cəmiyyətində Fransa prezidentinə münasibət daha da neqativ olsun.
İndi isə gəlirik əsas suala. Azərbaycan hakimiyyəti hansı motivlə Makronun müsahibəsini saxtalaşdırıb? Məlum müsahibədə Makronun onsuz da qərəzli fikirləri var idi. Həqiqətən deyilmiş həmin fikirlərə cavab vermək nəyə görə yetərli sayılmayıb? Hakimiyyətə nəyə görə lazım olub ki, dünyanın və Avropanın böyük dövlətlərindən birinin prezidentini xalqımıza olduğundan daha qərəzli kimi göstərsin?