Müharibədə həlak olan və yaralananların adıyla toplanan pullar: ‘Dedim ki, balamın qanpuludur…’

“Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın sədri Ramil Şükürov, onun müavini Koroğlu İbrahimov və təşkilatın daha iki üzvü Qarabağ döyüşlərində həlak olan, yaralananların adıyla dələduzluq etməkdə suçlanır. İddia olunur ki, onlar “şəhid və qazi ailələrinə yardım” adı altında ianələr toplayıb və mənimsəyib. Həmçinin müxtəlif işlər görməyə (musiqi məktəbinə direktor təyin etdirmək, tikilini daha bir mərtəbə qaldırmaq və s.) söz verib adamlardan rüşvət almaqda da ittiham olunurlar.

Amma onlar özlərini təqsirli bilmirlər, dələduzluq, yeyinti kimi ittihamlarla da razılaşmırlar. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

“Prezidentin çağırışı ilə bunu yaratdıq”

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu vurğulayan Şükürov deyir ki, Prezident İlham Əliyevin çağırışı ilə 2021-ci ildə təşkilatı yaratmağa qərar verib. Buna qədər isə o, “Azpetrol”da, “Riad” mühafizə xidmətində işləyib.

O bildirir ki, bu cinayət işində zərərçəkmiş kimi adı keçənlərin əksəriyyətini tanımır. Tanıdıqları ilə bağlı da hadisələr ittihamda yazıldığı kimi olmayıb. Məsələn, Bakının mərkəzindəki obyektə əlavə üçüncü mərtəbə artırmaq istəyən Bəxtiyar Mirzəyevdən bu işi başqalarından xahiş edib düzəltdirmək üçün min manat aldığı iddia olunur. Şükürov isə deyir ki, aralarında obyekt söhbəti olub, amma bunun min manata dəxili yoxdur, çünki pulu Mirzəyev ona aztəminatlı ailələrə yardım adıyla verib: “Bəxtiyarın xahişi ilə obyekti artırmaq məsələsini Səbail rayon İcra Hakimiyyətindəki tanışımdan soruşdum. Dedi ki, bu işlərlə artıq Şəhərsalma İdarəsi məşğul olur. Bəxtiyara dedim, bildirdi ki, orada tanış olsa, 60 min verməyə hazırdır. Sonradan Elçin dedi ki, bu işi 135 minə elətdirə bilər. Bəxtiyar 100 min verməyə razılaşdı…”.

Azadlıq radiosu