Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinovun bir il davam edən mühakiməsi yekunlaşıb. Oktyabrın 11-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib. Onun general rütbəsi, başqa dövlət təltiflərinin (orden və medallar) də alınmasına qərar verilib. Məhkəmə bunun üçün müvafiq dövlət orqanlarına təqdimat göndərəcək.
Bundan başqa, Şirinovun əmlakının müsadirə olunması məsələsi də məhkəmənin hökmündə əksini tapıb.
Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili Nadir Nəzirov da Şirinovla birlikdə mühakimə olunurdu. Onlardan Abdullayevə 6, Nəzirova isə 8 il həbs cəzası kəsilib. Onların da rütbələri, orden və medalları alınıb.
Tahirova gəlincə, ona verilən ittiham maddəsi üzrə məsuliyyətə cəlbetmə müddətinin keçməsi əsas gətirilərək barəsində cinayət işinə xitam verilib.
İttihamları qəbul etmirlər
Barəsində cinayət işinə xitam verilən Elman Tahirov hazırda “Azərsu”da məxfi şöbənin rəisidir.
General və keçmiş işçiləri özlərini təqsirli bilmir, ittihamda yazılanları qəbul etmirlər.
Sentyabrın 21-də daha bir sabiq MTN generalı – nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, onun da general rütbəsi alınıb, əmlakları müsadirə edilib.
Generallar Şıxəliyev və Şirinov 2021-ci ilin aprelində eyni vaxtda həbs olunmuşdular.
Azadlıq radiosu