AXCP sədri Əli Kərimli
Dünən yazmışdım ki, Putinin qəddar general Surovikini Ukrayna ilə savaş üzrə komandan təyin etməsi müharibədə daha amansız, daha qanlı mərhələ başladacaq.
Bu gün səhərdən Rusiya Kiyev başda olmaqla Ukrayna şəhərlərini güclü raket atəşinə tutub. Raket hücumunun əsas hədəfi şəhər və enerji infrastrukturu olub. Qışın yaxınlaşdığı bir vaxtda Rusiya çalışır ki, maksimum çox elektrik və istilik sistemini sıradan çıxartsın. Şəhərlərdə uşaq meydançaları və şəhər meydanları da daxil olmaqla, dinc əhali də hədəf seçilib.
Bugünkü raket hücumları Krım körpüsünün vurulmasına Rusiyanın cavabı sayıla bilər. Rusiyanın cəbhə xəttində irəliləmək, Ukrayna ordusunun özünü hədəf almaq imkanı yoxdur. Ona görə də qadın, uşaq, dinc sakinləri hədəf seçməklə öz aləmində Krım körpüsünün vurulmasının qısasını alır.
ABŞ tərəfindən Ukrayna üçün alınmış NASAMS hava hücumundan müdafiə sistemləri hələ də Ukrayna ordusu tərəfindən istifadə olunmur. Ola bilər ki, bu sistemləri idarə etməli olan hərbçilərin təlimləri hələ başa çatmayıb. Rusiya ordu rəhbərliyi də NASAMS -ların Ukrayna ordusuna verilməsinin ləngiməsini özü üçün fürsətə çevirib. Nə qədər ki, Ukraynanın müasir HHM sistemləri yoxdur, Sovetdən qalma köhnə raketlərlə Ukraynaya maksimum zərər vurmağa çalışırlar. Ukraynaya müasir HHM sistemləri verildikdən sonra onsuz da o köhnə raketlər heç bir işə yaramayacaq.
Hərçənd ki, hazırda da Ukrayna HHM sistemləri pis işləmir. Ukraynaya bu gün atılmış 83 raketin 43-ü Ukrayna HHM qüvvələri tərəfindən vurulub.
Rusiyanın bugünkü raket hücumları bir daha nümayiş etdirdi ki, general Surovikin Suriya şəhərlərində tətbiq etdiyi yandırılmış torpaq ssenarisini Ukraynada da tətbiq etməyə çalışacaq. Hədəf şəhərlər və dinc sakinlər olacaq. Məqsəd Ukrayna və bütövlükdə Avropaya (Ukraynadan Avropaya qaçqınlar artacaq) maksimum çox humanitar fəlakət yaşatmaq olacaq.
Bugünkü raket hücumları da Ukraynanı qorxutmayıb. Ukrayna ordusunun qalibiyyətli əks – hücumları davam edir. Lakin vəziyyət belə də davam etməməlidir. Qərb tərəfindən müasir HHM sistemləri başda gəlməklə, müasir silahların Ukraynaya verilməsi ləngidilməməlidir. Rusiyanın qəddar hakimiyyəyini durdurmaq isə təkcə ukraynalıların deyil, demokratik dünyanın ümumi vəzifəsi olmalıdır.