Azərbaycan hakimiyyəti avtoritar Rusiyanın Qafqazdan çəkilməsini istəmir

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Bəzən deyilir ki, Azərbaycan hakimiyyəti Rusiyadan qorxduğu üçün Putinin təzyiqi ilə hansısa addımlar atır. Ancaq, bu həmişə belə deyil. Azərbaycan iqtidarının xarici siyasətdə verdiyi qərarlar heç də hər zaman Rusiya qorxusuna ilə bağlı olmur. Əksər hallarda bu qərarlar Azərbaycan hakimiyyətinin öz maraqlarına görədir və iqtidar da istəyir ki, bu addımlar Moskva qorxusu adı altında gizlədilsin. Çünki İlham Əliyev Rusiyanın Qafqazdan çəkilib getməsində heç də maraqlı olmadığına görə, onun xarici siyasəti Moskvanı hələ uzun müddətə bizim regionda saxlamağa xidmət edir. Nəyə görə?
Aydındır ki, Rusiya Qafqazdan qovularsa regionumuzun Avropaya inteqrasiyası yolunda əsas geosiyasi əngəl də ortadan qalxmış olacaq. Bu halda demokratik Gürcüstan və Ermənistanla bərabər, bizim ölkənin də daxili siyasətinin Qərb dəyərlərinə uyğun dəyişməsi zərurəti meydana çıxacaq. Belə olduqda daxili tələb və Qərbin təzyiqləri Azərbaycan iqtidarına demokratik dəyişikliklərin qarşısını uzun müddətə kəsmək imkanı verməyəcək. Ona görə də, Azərbaycan hakimiyyəti bu gün öz mövcudluğunu qorumaq üçün Rusiyasız Qafqaz istəmir.
Bu bir gerçəkdir ki, nə qədər ki, Qərb regionda Rusiya ilə rəqabət aparır, qeyri müəyyənlik davam edir və təhlükəsizlik problemləri gündəmin əsas mövzusudur, demək demokratiya tələbi də arxa planda qalacaq.
Bu üzdən nə qədər paradoksal olsa da, görünən odur ki, Ermənistan – Azərbaycan münasibətləri və Qarabağ problemi ilə də bağlı Azərbaycan hakimiyyəti ilə Rusiyanın maraqları üst – üstə düşür. Çünki regionda dayanıqlı sülh təmin olunarsa, aydındır ki, Qərb bununla kifayətlənməyəcək. Bu bir gerçəkdir ki, kim Qafqazda sülh məsələsini həll edəcəksə, regionun təhlükəsizlik arxitekturasının qurucusu olaraq, əsas söz sahibi də o olacaq. Bu baxımdan Qərbin Azərbaycan və Ermənistan arasındakı sülh yaratma təşəbbüsləri faydalı olacaqsa, regionmuz Rusiyanın təsirindən çıxaraq Qərbə inteqrasiya edəcək. Yenə də bu halda, Qərbə inteqrasiya, Avropa dəyərlərinə uyğunlaşmaq Azərbaycandakı avtoritar hakimiyyətin maraqlarına uyğun deyil və bu prosesi öz mövcudluğu üçün təhlükə görür. Ona görə də, bu gün Azərbaycan hakimiyyətinin Qərbin sülh təşəbbüslərinə verdiyi və verəcəyi reaksiya təkcə Rusiya təsiri ilə bağlı deyil, bu məsələdə avtoritar rejimin maraqlarının da kifayət qədər ciddi təsiri var.