Sərmayədarlar Əliyevi niyə eşitmirlər?

Eşitməlidirlərmi?

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri

Azərbaycana xarici sərmayələr daha 22 faiz azalıb. DSK-nın yaydığı hesabata görə ötən ilin yanvar-avqust dövründə əsas vəsaitlərə 1,720 milyard dollar sərmayə yatıran xarici investorlar bu il həmin göstəricini 1,337 milyarda qədər düşürüblər. 8 aylıq sərmayələrin nominal həcmi il ərzində 383 milyon dollar azalıb. Müqayisə üçün deyim ki, “COVİD-19”-un tüğyan elədiyi 2020-ci ilin yanvar-avqust dövründə xaricilər Azərbaycana 1,957 milyard dollar, 2015-ci ildə isə 4,519 milyard dollar sərmayə qoymuşdular. Təsəvvür edirsinizmi, xarici sərmayələr son 2 ilə 32 faiz, son 7 ilə 70 faizdən çox azalıb. Sizcə, nədir bu dərəcədə pisləşmənin səbəbləri? Nə üçün xarici sərmayədarlar prezident İlham Əliyevi, Əliyev hökumətini eşitmirlər, Azərbaycandan yan keçirlər? Axı dövlət başçısı keçirdiyi müşavirələrdə, verdiyi müsahibə və açıqlamalarda dəfələrlə investorları Azərbaycana səsləyib. Hətta bir zamanlar icra başçılarının qarşısında vəzifələr də qoyurdu ki, başçılıq etdikləri rayonlara xaricdən investorlar gətirsinlər. Bəs nəticələr nə üçün bu dərəcədə ağırlaşıb, vəziyyət niyə düzəlmir? Vəziyyət o dərəcədə arzuolunmaz həddə çatıb ki, hətta Rusiya-Ukrayna müharibəsinin təsiri ilə Rusiya bazarlarını, elə həm də Ukrayna bazarlarını tərk edən 100 milyardlarla kapitalın heç olmasa 0,01 faizi bizim ölkəyə üz tutmayıb. Üz tutmamağı bir yana qalsın, burada olan kapital da ölkəni tərk edib. Özlərini təhlükəsiz bilsəydilər, çox da əziyyət çəkmədən pozulacaq hüquq və haqlarının bərpa olunmasına inansaydılar, qanunların təsir gücünün məmur iradəsindən üstün olmasına əmin olsaydılar, sərmayədarlar gəlməzdilərmi buraya? İş qurmazdılarmı, pul qazanmaq istəməzdilərmi bizim ölkədə? Heç şübhəniz olmasın ki, əgər biznes fəaliyyəti üçün heç olmasa orta səviyyəli şərait olsaydı, gələrdilər də, ən yeni texnika və texnologiyaları da buraya gətirərdilər, həm qazanar, həm də qazandırardılar. Amma və lakin bunların heç birindən danışmaq mümkün deyil, çünki ölkədə biznes fəaliyyəti üçün gərəkən şərait yoxdur. Onun altından bir daş, üstündən də daha ağır daş qoyublar. Belə vəziyyətdə isə aşağıda təqdim olunan diaqramda olduğu kimi ancaq geriyə getmək olar.
(Qeyd: aşağıdakı diaqramda təqdim olunan məlumatlar DSK-nın rəsmi məlumatlarıdır.)