Separatçılar danışıqların tamhüquqlu tərəfi olmaq istəyirlər

Bundan əvvəlki bəyanatlarında prezident İlham Əliyev Qarabağ münaqişəsinin artıq həllini tapdığını və belə bir problemin mövcud olmadığını bildirib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qarabağ separatçılarının nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 6-da Praqada verdiyi bəyanatlara münasibət bildiriblər.

“Qarabağ Milli Məclisində hakim fraksiyanın başçısı” kimi təqdim olunan Artur Arutyunyan deyib ki, onlar Bakı ilə danışıqlara hazırdırlar.

Bununla belə Arutyunyan separatçıların şərtlərini izah edib:

“Biz bu formatın əleyhinə deyilik, amma bu yalnız bir halda mümkündür ki, beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr Artsaxı (Qarabağ-red) danışıqların və münaqişənin tamhüquqlu tərəfi kimi tanısınlar”.

Yalnız infrastruktur əlaqələri

Praqada keçirilən dördtərəfli (Makron-Mişel-Əliyev-Paşinyan) görüşdən sonra İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində demişdi:

“Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır”.

Qarabağ separatçılarının nümayəndəsi Artur Arutyunyan belə əlaqələrin mövcudluğunu etiraf edib.

O deyib ki, hazırda belə əlaqələr yalnız vaxtaşırı ortaya çıxan infrastruktur məsələləri ilə, məsələn su ehtiyatlarından istifadə, elektrik təchizatı ilə bağlıdır, lakin siyasi müzakirələr aparılmır.

O təkrar edib ki, bunun üçün separatçıların danışıqlarda tamhüquqlu tərəf olması zəruri şərtdir.

Separatçıların başqa bir nümayəndəsi – Daşnaksutyun partiyasından Artur Mosiyan isə deyib ki, Azərbaycan və Ermənistanın bir-birlərinin ərazi bütövlüyünü tanıması Qarabağın Azərbaycanın tərkib hissəsi olması anlamına gəlmir.

Azadlıq radiosu