Praqa görüşü, ərazibütövlüyü və avtoritarizm

Problemlər harada həll olunmalıdır?

Azərbaycan və Ermənistan arasında sülh danışıqları, Praqa görüşü, Qarabağ məsələsinin Putinsiz masada müzakirəsi müsbət haldır. Amma bu proses ənənəvi “balans siyasəti”nin növbəti mərhələsi kimi olmamalıdır. Yəni, Azərbaycan hakimiyyəti ərazibütövlüyü məsələsini Rusiyanın maraqlarına görə tənzimləməməlidir. Əksinə, indiki geosiyasi gerçəklik qətiyyətli olmağı tələb edir və dövlət maraqları heç bir ölkənin işğalçı marağına qurban edilməməlidir. İşğalçı və batmaqda olan “müttəfiq”in şantajına boyun əysək, demokratik və qalib dünyanın müttəfiqliyini tamam itirə bilərik. Bu isə Ermənistanın yeni manevrlər etmək imkanını artıracaq, bu ölkəni haqlı mövqeyə çıxaracaq. Bəzən belə bir fikir səsləndirilir ki, Paşinyanın Rusiyanı qıcıqlandıran addımlar atması, Rusiyanın Azərbaycana jestlər etməsini zəruriləşdirəcək və biz bu fürsətdən yararlanacağıq. Əlbəttə, ilk baxışdan xoşagələn mənzərə yaranır və ikinci Qarabağ savaşında da bunu hiss etmək olurdu. Amma Rusiyanın istənilən jestinin arxasında böyük faciə yatır və Rusiya heç vaxt tam qələbəyə, tam həllə imkan vermir. Yəni, bu primitiv siyasi gedişin dividenti qısamüddətli və kövrəkdi.
Ən əsası isə problemlərin tam həll olunması və daimi sülhün bərqərar edilməsi daxili siyasətin eybəcərliklərdən xilas olmasıyla mümkündü. Bəli, ərazibütövlüyü ilk növbədə Azərbaycanda həll olunur. Xalqla bütövlüyə nail olmaq, demokratik islahatlara körpü salmaq, dəyərləri diri saxlamaq təkcə daxili siyasət deyil, həm də xarici siyasətdə uğur arqumentidi. Daxildə milli birlik, dövlət-xalq vəhdəti təmin olunarsa, xarici siyasətdə bütün təzyiqlər dəf edilər. Azərbaycan hakimiyyəti isə bu istiqamətdə maraqlı görünmür, avtoritar idarəçiliyə islahatın imitasiya donunu geyindirmək ənənəsinə sadiqdi. Nə qədər ki bu eybəcər idarəçilik dəfn edilməyib, uğurların doğulması müşkül olacaq. Öz vətəndaşını bütün hüquqlardan məhrum etmisənsə, qonşularına qarşı ədalətli olacağına inandıra bilməzsən. Ona görə də “ikilistandartlar”, “islamafobiya”, “Soros” nağılı danışmaq əvəzinə, ABŞ-a qarğıyıb, Avropanı AzTv-də dağıtmaq siyasətinin yerinə, hüquqi idarəçilik niyyətini qoymaq lazımdır. Dəyişən dünya süfrəsində avtoritarizm libasında oturmaq, dövləti uçuruma yuvarlamaqdı. Yeni şərtlər, köhnəlmiş fikirləri həzm edə bilməyəcək və bilmir də.