Gözlər Peterburqda!


Azərbaycanla Ermənistan arasında əldə olunmuş Praqa razılaşmasını pozmaq üçün Putin nə edəcək?

AXCP sədri Əli Kərimli

Bəs İlham Əliyev Zəngəzuru zorla alacaqdı?
Ermənistanın ərazi bütövlüyünü (1991-ci il sərhədləri ilə) tanımağa razılaşıb axı. Son 2 ildə ac xalqın başını Zəngəzur, Göyçə, İrəvan iddiaları ilə qatan populistlər nəyə görə səsini çıxarmır? Nəyə görə Zəngəzuru, Göyçəni, İrəvanı Ermənistan ərazisi kimi tanıyan İlham Əliyevə etiraz etmirlər? Cavab aydındır. Çünki onların hamısına Zəngəzur tezisi elə prezident aparatından gəlmişdi. Zəngəzur xorunu təlimatla oxuyurdular ki, artan qiymətlərdən, intihar edən qazilərdən, ölkədəki yoxsulluq və haqsızlıqdan xalqın diqqətini yayındırsınlar. Dünəndən onlara yeni təlimat gəlib ki, daha Zəngəzur, İrəvan, Göyçə söhbətlərini repertuarınızdan çıxarın. Onların da nə həddi var ki, İlham Əliyevə etiraz etsinlər?

İlk gündən deyirdik ki, Azərbaycanla Ermənistan arasında sülh bu ölkələrin BMT üzvü olduqları zaman tanınmış beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması ilə mümkün olacaq. Ermənistan qəbul etməlidir ki, Qarabağ Azərbaycanın bir parçasıdır, biz də tarixi iddialarımızı kənara qoyub, Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərini tanımalıyıq.

İlham Əliyev və Paşinyan Praqa görüşündə AB və Fransanın vasitəçiliyi ilə gec də olsa, bu qənaətə gəliblər və bu, doğru istiqamətdə atılmış addımdır. Ancaq yenə də vurğulamalıyam: Sentyabr döyüşlərində verdiyimiz şəhidlərə və yaralılara heyf ((

Azərbaycan-Ermənistan sərhəddinə AB mülki müşahidəçilərinin gəlməsini razılaşdırmaq da önəmlidir ki, heç olmasa bundan sonra mənasız, heç nəyi dəyişməyən və həll etməyən sərhəd döyüşlərində hərbçilərimiz şəhid olmasın.

Ancaq Praqada razılaşdırılmış bəyanat hələ ki, qalıcı sülhdən xəbər vermir. Bu bəyanatı hələlik niyyət protokolu kimi qəbul etmək olar.

Həyatın ironiyasına baxın ki, dünən Praqada sülhə gəlmək üçün ən azı niyyət nümayiş etdirmiş Azərbaycan və Ermənistan liderləri dərhal da yollandılar Peterburqa, Putinin yanına. Putin və bütövlükdə Rusiya hər şeyi etməyə çalışacaq ki, Cənubi Qafazda sülh yaranmasın.

Ancaq gərək həm Azərbaycanda, həm də Ermənistanda xalqlar öz hökumətlərinə Kremlin çaldığı musiqiyə oynamağı qadağan etsinlər. Ukrayna ilə savaşda ağır məğlubiyyətə uğrayan Rusiya Azərbaycandan da (Qarabağdan), Ermənistandan da ordusunu çıxarmalıdır. Rusiya regionu tərk etsin, biz Ermənistanla problemimizi özümüz həll edərik.