Əliyev Qarabağ erməniləri ilə qeyri-formal təmasların olduğunu deyir

Azərbaycan Prezidenti Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Qarabağın erməni əhalisinin nümayəndələri ilə əlaqələrə də toxunub. Onun deməsinə görə, daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz: “Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır”.

Praqada Erdoğan-Paşinyan görüşü başlanıb

Praqada Türkiyə prezidenti ilə Ermənistan baş naziri arasında danışıqlar başlanıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, danışıqlarda habelə, Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın, xarici işlər nazirləri Ararat Mirzoyan və Mevlüt Çavuşoğlu, iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr – Ruben Rubinyan və Serdar Kılıc iştirak edirlər.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, son 13 ildə ilk dəfə görüşən Türkiyə və Ermənistan lideri ikitərəfli münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Hər iki tərəf birbaşa kontaktların, ən yüksək səviyyədə görüşlərin vacibliyini vurğulayıb.

İki ölkənin xüsusi elçilərinin müzakirələrində əldə olunmuş razılaşmaların tezliklə gerçəkləşməsinin zəruriliyi qeyd olunub. Söhbət özəlliklə, üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılmasından, Ermənistanla Türkiyə arasında birbaşa hava yükdaşımalarının gerçəkləşməsindən gedir.

Azadlıq radiosu