Yayılmış video ilə bağlı ciddi araşdırma aparılmalıdır

Hüquq müdafiəçisi Anar Məmmədli

Gün ərzində sosial şəbəkələrdə məlum görüntülərlə bağlı verilən şərhələrə qısa münasibətim:

1) Beynəlxalq humanitar hüquqa əsasən düşmən ordusunun təslim olan hərbçiləri tərksilah edildikdən sonra adı, soyadı və rütbəsi öyrənilməli, hərbi əməliyyatın sonunadək təhlükəsiz yerdə saxlanılmalı və hərbi komandanlığa təhvil verilməlidir.

2) Təslim olmuş əsirləri öldürən hərbçilər bununla da öz ordusu üçün hərbi-müdafiə məqsədi daşımayan zorakılıq aktı törədərək, qəsdən adam öldürmüş olurlar. Bu həm əxlaqi, həm hüquqi, həm də hərbi normaların kobud şəkildə pozulması ilə müşayiət olunan cinayətdir.

3) Dünyanın bütün ordularında müharibə cinayəti törətmək potensialı olan hərbçilər var. Amma peşəkar ordularda belə hallara qarşı sərt cəzalandırma mexanizmləri mövcuddur. Peşəkar ordu isə həm ictimai-siyasi hesabatlılığı, həm də məhkəmə-hüquq çəkişmələrinə açıqlığı olan funskional idarəçiliyə malik olmalıdır.

4) Bir qrup hərbçinin düşmən ordusunun əsir düşmüş 7 hərbi qulluqçusunu öldürməsinə görə bütün azərbaycanlılar məsuliyyət daşımır. Çünki hər il dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da kimlərsə törətdikləri qəsdən adam öldürmə, amansızlıqla adam öldürmə və ya nifrət zəminində adam öldürmə cinayətlərinə görə məsuliyyətə cəlb edilib həbs edilirlər. Yəni gündəlik həyatımızda olduğu kimi orduda da psixi pozğunluğu, şəxsi (etnik) nifrəti və cinayətkar niyyəti olan soydaşlarımız ola bilər. Amma əksər azərbaycanlılar öz soydaşlarını məhz erməni öldürdüyünə görə alqışlayarsa, bu cəmiyyət olaraq bizim psixi travmamızdan və əxlaqi deqradasiyamızdan xəbər verir. Bununla da cəmiyyət etnik nifrət zəminində baş vermiş cinayətə şərik olur.

5) Ermənilərin 1992-94-cü illərdə törətdiyi müharibə cinayətklərini əsas götürüb son iki ildə baş verən müharibə və hərbi toqquşmalarda azərbaycanlı hərbçilərin əməllərinə haqq qazandırmaq 3 səbəbdən yanlışdır:

a) Hərbi qulluqçular qisas və intiqam hissləri, etnik və milli nifrət duyğuları əsasında deyil, mövcud hüquqi öhdəlikləri əsasında döyüş tapşırıqlarını icra etməlidirlər. Heç bir hərbçinin qisas almaq kimi öhdəliliyi yoxdur. Hər bir hərbçinin qanunla onun üzərinə düşən tapşırığı icra etmək vəzifəsi vardır. Hansısa hərbçiyə qisasçılığı aşılamaq qanunsuzdur.

b) Ermənilərin törətdiyi müharibə cinayətlərinin araşdırılması və müvafiq şəxslərin məsuliyyətə cəlb olunması müstəqil ədalət mühakiməsini tələb edir. Heç kim öz subyektiv baxışları əsasında 30 il öncə baş vermiş hərbi cinayətə bütün erməniləri cavabdeh, qarşısına çıxan hər ermənini isə günahkar saya bilməz. Bu sadəcə absurddur!

c) Azərbaycan hakimiyyətinin 2020-ci il müharibəsindən sonra həm birinci, həm də ikinci Qarabağ müharibəsində baş vermiş hərbi cinayətlərinə görə ədalətli araşdırma və hüquqi məsuliyyət tələb etmək imkanı vardı. Amma bu siyasi imkandan istifadə olunmadı. Hələ də müharibə cinayətlərinin qarşılıqlı şəkildə araşdırılması tələbi səslənmir. Əslində bu tələb münaqişənin sülh yolu ilə bitməsi üçün yekun sülh sazişinin şərtlərindən birinə çevrilməlidir.

6) Son günlər ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə intensivləşən danışqıları pozmaq üçün 2 həftə öncə baş verən hərbi toqquşmalarla bağlı video görüntülərin yayılması təsadüfi olmaya bilər. Bəlkə hansısa qüvvələr bu prosesi pozmaq istəyir? Bəlkə həmin qüvvələrin daha xəbis planları var? Bəlkə həmin qüvvələrin törətdirib çəkdirdikləri başqa mənfur əməllər var? Ona görə də bu cür görüntüləri dərhal obyektiv şəkildə araşdırıb zəruri hüquqi tədbirlər görülməldir.

7) Hərbi cinayətlərə görə Azərbaycan hakimiyyəti, siyasi ictimaiyyəti və institutları barışmaz münasibət bəsləmədikcə, etnik nifrət artacaq və sülh prosesi yubanacaq. Belə bir tendensiya nə Qarabağ ermənilərini bezdirib oranı tərk etməyə məcbur edəcək, nə də onların Azərbaycan tərkibində təhlükəsizliyinə beynəlxalq təminat olmadan hanısa razılaşmanın imzalanmasına.

P.S: Həmin görüntüdə hərbçi peşəsini ləyaqətlə təmsil edən biri vardı, “atəşi kəs” deyirdi.