Bakıda etiraz aksiyası keçirilib, saxlananlar var

Hazırda Bakıda etiraz aksiyası davam edir.

Aksiyanı izləyən hüquq müdafiəçilərinin sözlərinə görə, üst-üstə şəhərin müxtəlif yerlərində 50-dən çox etirazçı şəxsi polis saxlayıb.

Amma bildirildiyinə görə, saxlananlardan bəziləri elə az sonra sərbəst buraxılıblar.

Bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Nazirliyin mətbuat xidmətindən deyiblər ki, məsələ ilə bağlı ətraflı məlumat veriləcək.

+++

Bu gün, sentyabrın 30-da saat 15:40 radələrindən başlayaraq Bakının müxtəlif yerlərində qrup şəkilində etiraz aksiyaları başlayıb.

Aksiya iştirakçıları “azadlıq”, “istefa”, “siyasi məhbuslara azadlıq”, “ailə hakimiyyətinə son” və başqa şüarlar səsləndiriblər. Onlar deyiblər ki, koronavirus pandemiyası ilə bağlı iki il əvvəl ölkənin bağlanan quru sərhədləri açılmalıdır. “Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan bu ölkəyə işləməyə gedənləri Ukrayna ilə müharibədə qırdırmasına imkan verilməməlidir”, – aksiya iştirakçılarından biri vurğulayıb.

Polis aksiyada şüarlar səsləndirənlərdən, çıxış edənlərdən bir çoxunu saxlayıb.

Azadlıq radiosu